Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Prezident Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyə hazırdır.
Lavrov, Hindistanın Xarici İşlər naziri Subrahmanyam Caişankar ilə Moskvada görüşüb. O, hind həmkarı ilə keçirdiyi ortaq mətbuat konfransında Ukrayna ilə bağlı açıqlama verib. Lavrov vurğulayıb ki, Moskva 2022-ci ildə İstanbulda keçirilən danışıqlar zamanı razılaşdırılan təhlükəsizlik zəmanəti prinsiplərini dəstəkləyir. O, Ukraynanın davamlı və uzunmüddətli həllə maraqlı olmadığını göstərdiyini qeyd edib.
Lavrov əlavə edib ki, Alyaskada keçirilən Rusiya-ABŞ sammitində Ukraynada münaqişənin həllinin çərçivələrinin müəyyən olunması istiqamətində mühüm irəliləyiş əldə olunub. Onun sözlərinə görə, Avropa və Ukraynanın mövqeləri ABŞ Prezidenti Donald Trampın həllə yönələn səylərini zəiflətməyə hesablanıb. O, həmçinin bildirib ki, Rusiya və ABŞ liderlərin razılaşdığı şəkildə işləməyə davam edir.
Lavrov sonda vurğulayıb ki, ən yüksək səviyyədə müzakirə olunmalı bütün məsələlər yaxşı şəkildə hazırlandığı təqdirdə, Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazırdır.
Mənbə: Haber Global
Tərcümə etdi: Nuray Əliyeva
