Hər bir ölkə öz tarixi və mədəni irsi ilə yanaşı, ziyarətçiləri heyrətləndirən qeyri-adi muzeylərə də sahibdir. Bu muzeylər adi sərgilərdən fərqli olaraq həm maraq, həm də təəccüb doğurur. Tibbi eksponatlardan tutmuş əfsanəvi varlıqlara qədər ən müxtəlif sahələri əhatə edən belə məkanlar dünyanın ən fərqli kolleksiyalarını bir araya gətirir.

Mutter muzeyi, Filadelfiya, Pensilvaniya (ABŞ)
Tibbi muzeylər arasında ən məşhurlarından biridir. Ekspozisiyaya kəllə kolleksiyaları, xəstə orqan nümunələri, dünyanın ən böyük bağırsağı daxildir. Muzeydə mərasimlərin, o cümlədən nikah mərasimlərinin keçirilməsi də mümkündür.

Ətir muzeyi, Paris, Fransa
Fragonard parfumeriyasına məxsus muzeydir. Ətir istehsalının tarixi, nadir kolleksiyalar və müasir nümunələr təqdim olunur. Ziyarətçilər ətirlərlə tanış ola, həmçinin yeni məhsullar əldə edə bilirlər.

Vent Haven muzeyi, Fort Mitchell, Kentukki (ABŞ)
Dünyanın ən böyük ventriloq (kukla ilə danışıq) muzeyidir. Çoxsaylı kukla kolleksiyaları ilə seçilir və qeyri-adi atmosferi ilə diqqət çəkir.

Nyu-Orlean Əczaçılıq muzeyi, Luiziana (ABŞ)
XIX əsrin əvvəllərinə aid tarixi əczaçılıq binasında yerləşir. Burada qədim tibbi alətlər, dərman reseptləri, canlı zəlilər və müxtəlif tibbi eksponatlar nümayiş olunur.

Beynəlxalq Kriptozoologiya muzeyi, Portland, Meyn (ABŞ)
Kriptozoologiyaya həsr edilmiş ilk və yeganə muzeydir. Ekspozisiyada Bigfoot, Fiji su pərisi, Jersey şeytanı və Loch Ness canavarı kimi əfsanəvi varlıqlara dair materiallar təqdim olunur.
Mənbə: misshavishamstea.com
Tərcümə etdi: Arzu Qafarova
