Dünya mətbəxi yalnız ləzzətləri ilə deyil, həm də bəzi yeməklərin heyrətamiz qiymətləri ilə insanları təəccübləndirir. Bəziləri olduqca nadir tapılır, bəzilərinin isə hazırlanması illər çəkən çətin proseslər tələb edir.

1. Almas kürü
Nadir ağ nərə balığından əldə edilən Almas kürü lüks seqmentin zirvəsində dayanır. Xüsusi qablaşdırmada, bəzən isə qızıl örtüklü qutularda satılır. 1 kiloqramının qiyməti 25 min – 34 min 500 ABŞ dolları arasında dəyişir.

2. Ağ trüf göbələyi
Trüf göbələklərini son illərdə müxtəlif yeməklərdə daha tez-tez görürük. Lakin burada söhbət ən nadir növ–ağ trüfdən gedir. Bu göbələk əsasən İtaliya və Fransanın müəyyən bölgələrində torpağın altında yetişir. Xüsusi itlər və ya donuzlar vasitəsilə tapılır. Qiyməti kiloqramı 6 min ABŞ dollarına qədər yüksəlir.

3. Zəfəran
İran mətbəxinin ayrılmaz hissəsi olan zəfəran dünyanın ən bahalı ədviyyatı hesab olunur. 1 kiloqram zəfəran əldə etmək üçün təxminən 150 min çiçək yığılmalıdır. Əllə toplanıb qurudulan bu ədviyyat yeməklərə özünəməxsus dad və qoxu qatır. Qiyməti 10 min ABŞ dollarına qədər çatır.

4. Beluqa kürü
Hazar dənizində yaşayan beluqa nərə balığının kürüsü ən bahalı yeməklərdən biridir. Yumurta dənələri iri, nadir və olduqca həssasdır. 1 kiloqramı 25 min ABŞ dollarına satıla bilir. Ən dəbdəbəli restoranların menyusundan əskik olmur.

5.Fugu (şişən balıq)
Dünyanın ən təhlükəli balıqlarından biri sayılan fugu yalnız xüsusi təlim keçmiş aşpazlar tərəfindən hazırlanır. Balığın bəzi hissələri ölümcül zəhər daşıyır. Bir porsiyası 200–400 ABŞ dolları arasında satılır.

6.Kopi Luwak qəhvəsi
İndoneziyanın məşhur Kopi Luwak qəhvəsi dünyanın ən bahalı qəhvəsi hesab olunur. Onu fərqləndirən səbəb – vəhşi misk pişiyinin (civet) yediyi qəhvə dənələrinin həzm sistemindən keçərək toplanmasıdır. Bu proses qəhvənin acılığını azaldır və özünəməxsus dad yaradır. 1 kiloqramı 600–1 200 ABŞ dolları arasında dəyişir.

7. Bourbon vanili (Vanilla Planifolia)
Əsasən Madaqaskar, İndoneziya və Tahitidə yetişdirilən bu vanil növü əllə toplanır və uzun emal prosesindən keçir. Dünyanın ən bahalı ədviyyatlarından biridir. Qiyməti kiloqramı 500–600 ABŞ dolları təşkil edir.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
