Bu gün:

ABŞ Honduras və Uqanda ilə deportasiya razılaşmaları imzalayıb


ABŞ qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində Honduras və Uqanda ilə ikitərəfli deportasiya razılaşmaları əldə edib. Bu barədə BBC-nin ABŞ-dəki tərəfdaşı CBS-in əldə etdiyi sənədlərdə qeyd olunur.

CBS-in məlumatına görə, Uqanda ABŞ-Meksika sərhədində sığınacaq tələb etmiş müəyyən sayda Afrika və Asiya mənşəli miqrantı qəbul etməyə razılaşıb. Honduras isə ispan dilli ölkələrdən olan bir neçə yüz nəfərin deportasiyasını qəbul edəcək.

Bu addım Donald Tramp administrasiyasının başqa ölkələrin vətəndaşı olmayan deportasiya olunmuş şəxsləri qəbul etməsi üçün daha çox ölkəni razı salmaq cəhdinin bir hissəsidir.

İnsan haqları müdafiəçiləri siyasəti pisləyərək bildiriblər ki, miqrantlar təhlükə ilə üzləşə biləcəkləri ölkələrə göndərilə bilərlər.

Razılaşmaya əsasən, Uqanda cinayətkar keçmişi olmayan deportasiya olunmuş miqrantları qəbul edəcək. Lakin ölkənin neçə nəfəri qəbul edəcəyi hələ dəqiq məlum deyil. Honduras isə iki il ərzində, o cümlədən uşaqlı ailələr daxil olmaqla, miqrantları qəbul etməyi öhdəsinə götürüb. Sənədlər göstərir ki, ölkə daha çox miqrant qəbul etməyi də qərara ala bilər.

Hər iki razılaşma Tramp administrasiyasının müxtəlif qitələrdə, o cümlədən insan haqları ilə bağlı mübahisəli ölkələrlə deportasiya sazişləri imzalamaq cəhdinin bir hissəsidir. İndiyədək azı onlarla ölkə başqa ölkələrdən deportasiya edilən miqrantları qəbul etməyə razılıq verib.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et