Hollivudun qızıl dövründə məşhur ulduzların üzərində gördüyümüz zinət əşyalarının çoxu, əslində, kostyum zinət əşyaları idi, yəni ucuz materiallardan və saxta daşlardan hazırlanan bəzəklər.
Onlar Marilyn Monroe, Joan Crawford kimi ulduzların sayəsində həm ekranda, həm də həyatda populyar olub və adi qadınlar üçün əlçatan moda halına gəlib. Kostyum zinət əşyalarının yaranma səbəbi İkinci Dünya Müharibəsi dövründə material çatışmazlığı və qadınların cəmiyyətdə dəyişən rolu idi. Avropada ailə mirası olan zinətlər üstünlük təşkil edib, amma ABŞ-də daha sərbəst yanaşma olub və bu da geniş yayılmasına şərait yaradıb.
Ən məşhur dizaynerlər və əsərləri:
• Coco Chanel – Saxta incilər və rəngli şüşələrdən hazırlanan Maltese Cross qolbaqları ilə yeni üslub yaradıb. Onun ideyası zinətin dəyəri yox, qadının gözəlliyini tamamlamaq idi.
• Elsa Schiaparelli – Salvador Dali kimi sənətçilərlə işləyərək zinəti sənət əsərinə çevirib, fərqli materiallardan istifadə edib.
• Miriam Haskell – İncə işçilik və filiqran detallarla Hollivud ulduzlarının sevimlisinə çevrilib, Joan Crawford onun əsas siması idi.
• Joseff of Hollywood – “Gone with the Wind” və “Ben-Hur” kimi filmlər üçün xüsusi zinətlər hazırlayıb. Onun parçaları həm ekranda, həm də gündəlik həyatda ulduzların üzərində görünüb.
• Trifari (Alfred Philippe) – İncə dizaynları və “jelly belly” adlanan şirin fiqurları ilə məşhur idi. Ən innovativ dizaynerlərdən sayılır.
• Hattie Carnegie – Afrikan və Misir üslubundan ilhamlanan rəngli, orijinal bəzəklər yaradıb.
• Kenneth Jay Lane – Audrey Hepburn və Jacqueline Kennedy kimi məşhurların sevimlisi olub. Onun işi həm zarafat, həm də zövq qarışığı idi.
• William de Lillo – cəsarətli, rəngli dizaynlarla həm qadın, həm kişi üçün zinətlər hazırlayıb. Elizabeth Taylor və digər varlı xanımlar onun müştərisi idi.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
