Bu gün:

Vasitəçilər Qəzzada yeni atəşkəs təklifinə İsrailin cavabını gözləyir


Reuters'in məlumatına görə, insanlar 19 avqust 2025-ci ildə İsrailin Təl-Əviv şəhərində keçirilən nümayişdə HƏMAS-ın əlində saxlanılan israilli girovların azad edilməsini və Qəzza müharibəsinə son qoyulmasını tələb edən plakatlar və girovların şəkillərini əllərində tutublar.
Girovların ailələri və onların tərəfdarları İsrail hökumətinin müharibəyə son qoyacaq və hamının evlərinə qayıtmasına imkan yaradacaq bir razılaşmanı qəbul etməsini istəyirlər.

HƏMAS-ın yeni atəşkəs və girovların azad olunması ilə bağlı təklifi qəbul etdiyini açıqlamasından sonra ərəb vasitəçiləri İsrailin rəsmi cavabını gözləyirlər.

Plan Qətər və Misir tərəfindən təqdim olunub. Onların məqsədi İsrailin Qəzzanı tam işğal etməyə yönəlmiş böyük yeni hərbi əməliyyatının qarşısını almaqdır.

Qətər bildirib ki, plan ABŞ-nin irəli sürdüyü 60 günlük atəşkəs təklifi ilə “demək olar ki, eynidir”. Bu müddətdə Qəzzada saxlanılan 50 girovun yarısı (onların 20 nəfərinin sağ olduğu güman edilir) azad ediləcək və tərəflər qalıcı atəşkəs imzalayacaq, həmçinin qalan girovların qaytarılması ilə bağlı danışıqlar aparacaqlar.

Son günlərdə İsrail hökuməti bəyan edib ki, artıq qismən razılaşma qəbul etməyəcək – yalnız bütün girovların azad edilməsini nəzərdə tutan tam bir saziş qəbul edilə bilər.

Yerli mətbuat yüksək vəzifəli israilli rəsmiyə istinadən yazıb: “İsrailin mövqeyi dəyişməyib – bütün girovların azad olunması və müharibənin başa çatdırılması üçün müəyyən olunmuş digər şərtlərin yerinə yetirilməsi tələb olunur".

Bu həftənin sonuna qədər İsrail kabinetinin Qəzza şəhərinin işğalına dair hərbi planı təsdiqləyəcəyi gözlənilir. Artan İsrail hava zərbələri isə artıq minlərlə insanın şəhəri tərk etməsinə səbəb olub.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et