Bu gün:

Linkolnun saxta portreti


Bugünkü dövrdə “deepfake” və süni intellektlə yaradılan şəkillər insanlarda narahatlıq yaradır. Amma şəkillərin manipulyasiyası çox qədimdir, hətta Abraham Linkolnun ən məşhur fotolarından biri də dəyişdirilib.

Fotoşəkillərin həqiqiliyi əvvəllər də sual altına alınıb. ABŞ-da fotojurnalist kimi tanınan Mathew Brady mütəmadi olaraq şəkilləri “daha təsirli görünsün” deyə düzəldib. Məsələn, müxtəlif hərbi qəhrəmanların başları başqa bədənlərə yerləşdirilib.

Linkolnun özü də fotolarla çox işləyib. O, görünüşü ilə tez-tez zarafat etsə də, yaxşı çəkilmiş portretlərin siyasi karyerasına kömək etdiyini anlayıb. 1864-cü ildə fotoqraf Anthony Berger tərəfindən çəkilən şəkli sonradan ABŞ-ın 5 dollarlıq əskinasında istifadə olunub. Amma təxminən 1865-ci ildə həmin fotodan götürülən Linkolnun başı çevrilərək başqa bir adamın bədəninə yerləşdirilib. Bu bədən isə ironiya ilə desək, quldarlığın ən böyük tərəfdarlarından biri siyasətçi John Calhoun-a aid idi. Şəkildəki kağızlarda əvvəllər “Dövlətlərin suverenliyi” kimi ifadələr yazılsa da, Linkolnun versiyasında “Konstitusiya”, “İttifaq” və “Azadlıq Bəyannaməsi” sözləri yazılıb.

Beləcə, İttifaqı qoruyan Linkolnun üzü, quldarlığı dəstəkləyən Calhoun-un bədəni ilə birləşdirilib. Bu, böyük tarixi ironiya idi. Linkolnun ölümündən sonra (1865-ci ildə) onun şəkillərinə tələbat çox artıb və bu saxta portret də həmin dövrdə yayılıb. Araşdırmalara görə, 1970-ci ildə ABŞ Konqres Kitabxanasının arxivçisi Milton Kaplan ilk dəfə bu şəkilin “montaj” olduğunu üzə çıxarıb.

Tarixçi Harold Holzer deyir ki, bu cür şəkillər Linkolnu amerikalılar üçün “demək olar ki, müqəddəs bir fiqura” çevirib. İnsanlar bu portretləri evlərinin ən hörmətli yerlərinə ocağın üstünə asırdılar. Nəticədə, Linkoln öz obrazını gücləndirmək üçün istifadə etdiyi fotolar sayəsində, hətta rəqibinin bədəni üzərində olsa belə, xalqın yaddaşında qəhrəman kimi qalıb.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova


Paylaş
Şərh əlavə et