
Lənkəran şəhərində 16–17 avqust 2025-ci il tarixində “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi uşaqların hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığı mövzusunda nəzəri-praktiki konfrans keçirib. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Konfransda ölkənin müxtəlif regionlarından, o cümlədən Bakıdan 20-dən çox qeyd olunan məsələ ilə bağlı birbaşa və ya dolayı məşğul olan müxtəlif təşkilatların nümayəndələri iştirak edib. Tədbir uşaq hüquqları, ailədaxili zorakılıq və sosial maarifləndirmə mövzularına həsr olunub.

Tədbirdə layihə eksperti Afiq Məlikov 2 gün ərzində iştirakçılarla “Azərbaycanda ailə dəyərləri, adət-ənənələr və müasirlik”, “Məişət zorakılığı, onun formaları və onlara qarşı mübarizə tədbirləri”, “Ailədaxili zorakılığa qarşı məsuliyyət – milli qanunvericilik və İstanbul Konvensiyası”, “Azərbaycanda nikahlar və boşanmalar: mövcud vəziyyət və cari statistika”, “Ailədə və cəmiyyətdə uşaqlar, uşaqlara qarşı qısnama və ayrı-seçkilik”, “Uşaqlara qarşı zorakılıq – BMT-nin Uşaq Hüquqları Konvensiyası” bağlı müzakirələr aparılıb və məişət zorakılığına qarşı mübarizə tədbirləri çərçivəsində təbliğatın təşkilinin önəmi vurğulanıb.
Konfransı giriş sözü ilə açan İB-in sədri və layihə rəhbəri İntiqam Səfərov iştirakçılara layihəni maliyyələşdirən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini, təmsil etdiyi təşkilatı və layihənin aktuallığını təqdim edib. O, eyni zamanda layihənin əsas məqsəd və hədəflərini diqqətə çatdıraraq, mövzu ilə bağlı informasiya kampaniyalarının, sosial media paylaşımlarının və mətbuat vasitəsilə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb. Səfərov iştirakçılardan müzakirələrdə fəal olmağı və əldə olunan biliklərin öz fəaliyyət sahələrində tətbiqini xahiş edib.
Tədbirin son günü qonaq qismində dəvət edilmiş Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov mövzuya dair fəaliyyət təcrübələrini və beynəlxalq konvensiyalardan irəli gələn məsələləri iştirakçılarla bölüşüb. O həmçinin “Uşaq hüquqları konvensiyası”nın inqilabi bir hadisə olduğunu bununla uşaqların cəmiyyətin tamhüquqlu üzvünə çevrildiklərini vurğulayıb.

Layihənin əsas məqsədi gəncləri və gənc ailələri maarifləndirmək və uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı ictimai mübarizəni gücləndirməkdir.
#QHT#Uşaq hüquqları
Hazırladı: Fatimə Cabbarlı
