Psixoloqların araşdırmalarına görə, insanın cəlbediciliyini yalnız xarici görünüş deyil, gündəlik vərdişlər və davranışlar da müəyyənləşdirir. Bəzən fərqində olmadan etdiyimiz səhvlər bizi daha az cazibədar göstərə bilər.

1. Yuxusuzluq
İsveç və Hollandiyada aparılan araşdırmalar göstərib ki, yuxusuz insanlar daha yorğun görünürlər və buna görə də daha az cəlbedici olurlar.. Solğun dəri, gözaltı kölgələri və aşağı sallanmış göz qapaqları yuxusuzluğun əsas əlamətləri hesab olunur. Gündə 8 saat yatan şəxslər, yuxusuz qalanlarla müqayisədə daha cəlbedici görünür. Keyfiyyətli yuxu həm əhval-ruhiyyəni yaxşılaşdırır, həm də ətrafdakılara enerjili təəssürat yaradır.

2. Mənfi xarakter xüsusiyyətləri
Psychologs.com saytının məlumatına görə, fiziki görünüşdən asılı olmayaraq, pis xarakter təsiri insanın cəlbediciliyini ciddi şəkildə azalda bilər. 2014-cü ildə Çində aparılan bir tədqiqatda kobud, qısqanc və ya pis niyyətli şəxslər neytral görünsələr belə daha az cəlbedici hesab olunublar. Əksinə, mehriban, dürüst və empatiya göstərən insanlar daha etibarlı və cazibədar sayılıb.

3. Zəif bədən dili
Bədən dili sözsüz ünsiyyətin ən güclü vasitələrindən biridir. Stenford Universitetində aparılan araşdırmaya görə, qolları açıq, dik dayanan və özünə inamlı görünən şəxslər daha cəlbedici qəbul olunur. Əksinə, çiyinləri aşağı salmaq, qolları sinədə çarpazlamaq və ya qaməti əymək insanı inamsız və məsafəli göstərir.

4. Yüksək stress səviyyəsi
Finlandiya, Estoniya və Cənubi Afrikada aparılan tədqiqat nəticələrinə əsasən, yüksək stress hormonu (kortizol) olan qadınlar kişilər tərəfindən daha az cəlbedici hesab olunur. Stress insanın üz ifadəsinə, dəri sağlamlığına və enerjisinə birbaşa təsir edir.

5. Zəif yumor hissi
San Dieqo Kaliforniya Universitetinin araşdırmasına görə, zəif yumor hissi olan insanlar daha az cəlbedici qəbul olunurlar. Birlikdə gülmək sosial münasibətlərdə bağ qurmanı asanlaşdırır.

6. Yalan danışmaq
Kanadadakı Vestern Ontario Universitetində aparılan tədqiqat göstərib ki, insanlar ən çox dürüst şəxsləri cəlbedici hesab edirlər. Mütəxəssislər hətta kiçik yalanların belə imicə zərər verdiyini bildirirlər.
Mənbə: NTV
Tərcümə etdi: Mina Yadigarlı
