Avropa Birliyi milyonlarla qadının istifadə etdiyi gel dırnaq boyası və baxım məhsullarında kanserogen təsnif edilən maddənin istifadəsini qadağan etməyə hazırlaşır. Məsələ TPO (Triphenylphosphine oxide) adlı maddə ilə bağlıdır. Bu komponent gel dırnaq boyalarının UV və ya LED lampaları altında tez sərtləşməsinə imkan verən “fotobaşlatıcı” kimi geniş istifadə olunur. Lakin onun sağlamlıq üçün zərərli olması sübut edildiyi üçün yeni qaydalar qəbul edilib.

Avropa Birliyinin qərarına əsasən, bütün istehsalçılar məhsul formulalarını yenidən nəzərdən keçirməli, TPO-suz məhsullar istehsal etməlidirlər. Distribyutorlar və satıcılar bazara çıxardıqları bütün dırnaq boyası və baxım məhsullarının tərkibini yoxlamağa məcbur olacaqlar. 1 sentyabr 2025-ci ildən etibarən TPO tərkibli məhsulların satışı tamamilə qanunsuz sayılacaq və onlar bazardan yığışdırılacaq. Qadağa yalnız yeni məhsullar üçün deyil, həm də mövcud ehtiyatlar üçün keçərlidir. Bu səbəbdən, dırnaq ustaları və salonlar əvvəlcədən aldıqları TPO-lu məhsulları da sentyabrın 1-dək inventardan çıxarmalıdırlar.
Qərar istehlakçıların potensial zərərli kimyəvi maddələrdən qorunması məqsədi daşıyır. Vətəndaşlara tövsiyə olunur ki, aldıqları məhsulların etiketlərinə diqqətlə baxsınlar, gözəllik salonlarında istifadə olunan məhsullar barədə məlumat tələb etsinlər, qaydalara uyğun olmayan məhsullardan uzaq dursunlar. Bu tənzimləmə həm ictimai sağlamlıq, həm də kosmetika bazarının təhlükəsizliyi üçün mühüm addım hesab olunur.
Mənbə: Sözcü
Tərcümə etdi: Asiya Zeynallı
