Texnofobiya — texnologiyadan yaranan irrasional və əsassız qorxu kimi izah olunur. Bu anlayış rəsmi olaraq klinik diaqnoz hesab edilməsə də, bir çox mütəxəssislər onu xüsusi fobiyalar sırasına daxil edirlər.

Texnofobiyası olan insanlar müasir texnologiyaların istifadəsindən çəkinirlər. Onlar kompüter, robot və süni intellekt sistemləri ilə qarşılaşdıqda narahatlıq keçirə, bəzən isə adi gündəlik texnologiyalardan — mobil telefon, bankomat və ya kredit kartından istifadə etməkdən belə imtina edə bilərlər.
Belə bir qorxu insanların həyatına birbaşa təsir göstərir: onlar yeni texnologiyalara uyğunlaşmaqda çətinlik çəkir, iş və sosial mühitdə geri qalırlar. Məsələn, texnofobiya səbəbindən bəziləri internet bankçılığından və ya elektron xidmətlərdən istifadə etmir, digərləri isə rəqəmsal cihazlarla ünsiyyətdən qaçır. Bu isə həm gündəlik rahatlığa, həm də peşəkar inkişaf imkanlarına mənfi təsir göstərə bilir.
Texnofobiya əsasən psixoloji səbəblərlə bağlıdır. İnsanlar texnologiyanın sürətli inkişafını təhlükə kimi qəbul edə, yeni cihazlara və proqramlara uyğunlaşmağı bacarmayacaqlarını düşünə bilərlər. Bəzən də süni intellekt və robotların insan həyatını idarə edəcəyi qorxusu bu hissləri gücləndirir.
Bununla belə, texnofobiya aradan qaldırıla bilən bir problemdir. Müalicə və psixoloji dəstək vasitəsilə insanlar texnologiya ilə bağlı qorxularını azalda, yeni cihazlardan istifadə etməyi öyrənə və gündəlik həyatlarına daha rahat şəkildə uyğunlaşa bilərlər. Əsas addım bu qorxunu qəbul etmək və onunla mübarizə aparmaqdır.
Mənbə: Cleveland Clinic
Tərcümə etdi: Arzu Qafarova
