Bu gün:

2025-ci ilin ilk yarısında inflyasiya mənzərəsi


2025-ci ilin ilk yeddi ayında Azərbaycanda inflyasiya tempi gözləntiləri üstələyib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar–iyul aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artıb. May 2024–may 2025 aralığında isə illik inflyasiya göstəricisi 6,3 faiz təşkil edib.

Bahalaşma ən çox ərzaq məhsullarında müşahidə olunub. Son bir ildə bu qrup üzrə qiymətlər 8,1 faiz yüksəlib. Xüsusilə çörək, süd məhsulları və tərəvəz bazarında qiymət artımı daha nəzərəçarpan olub. Bununla yanaşı, qeyri-ərzaq məhsullarında artım 2,7 faiz, ödənişli xidmətlərdə isə 7,8 faiz qeydə alınıb.
İyunun yekunlarına görə, ərzaq qiymətləri əvvəlki ilin iyun ayı ilə müqayisədə 7 faiz, xidmətlər 7,2 faiz, qeyri-ərzaq məhsulları isə 2,8 faiz bahalaşıb. Rəqəmlər göstərir ki, ən çox zərbə əhalinin aşağı gəlirli təbəqələrinə dəyib. Ərzaq məhsullarında bahalaşma ailə büdcələrinin əsas hissəsini təşkil etdiyi üçün gündəlik yaşayış xərcləri xeyli artıb.
Mütəxəssislər qiymət artımının əsas səbəbləri sırasında dünya bazarlarında ərzaq məhsullarının bahalaşmasını, kənd təsərrüfatı məhsullarının maya dəyərinin artmasını və daxili tələbin yüksəlməsini göstərirlər. Statistikaya görə, inflyasiya səbəblərinin 60–70 faizi xarici faktorlarla bağlıdır. Bundan başqa, kənd təsərrüfatı məhsullarının qiymət artımı ümumi inflyasiyaya 4,6 faiz bəndi təsir göstərib.
Mərkəzi Bank isə ilin sonuna qədər inflyasiyanı 4 ± 2 faiz diapazonunda saxlamağı hədəflədiyini açıqlayıb. Lakin iqtisadçılar hesab edir ki, ərzaq məhsullarının qiymət artımı sürətini azaltmaq üçün həm idxal rüsumlarında, həm də kənd təsərrüfatı sahəsinə dəstəklərdə əlavə tədbirlər görülməlidir.
Mövcud vəziyyət onu göstərir ki, yaxın aylarda inflyasiyanın sürəti bir qədər azalsa da, xüsusilə ərzaq bazarında bahalaşma tendensiyası davam edə bilər. Bu isə həm sosial siyasətin, həm də dövlətin qiymət sabitliyi üzrə tədbirlərinin önəmini artırır.

Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et