Bu gün:

"İzabella və reyhan qabı" - John William Waterhouse


"İncəsənətin inciləri" rubrikası "İzabella və reyhan qabı" əsərini təqdim edir.

İngilis rəssamı John William Waterhouse (1849–1917) Viktorian dövrünün ən parlaq simalarından biri hesab olunur. O, romantik və simvolik mövzulara müraciət etməklə tamaşaçıları dərin hekayələrin içinə aparmağı bacarıb. Onun ən təsirli əsərlərindən biri də hazırda İngiltərədə, Laing Art Gallery-də sərgilənən “İzabella və reyhan qabı” əsəridir.

Bu tablo İtalyan yazıçısı Bokkaççyonun məşhur “Dekameron” əsərindəki faciəvi bir hekayədən ilhamlanıb. İzabella adlı gənc qız varlı bir tacirin qızıdır. O, atasının işçilərindən olan Lorenzoya aşiq olur. Ancaq qızın qardaşları bu sevgini qəbul etmir. Onlar Lorenzonu gizlicə öldürüb dəfn edirlər.

Gecələrin birində Lorenzonun ruhu yuxuda İzabellaya görünür və məzarının yerini bildirir. Qız gizlicə gedib sevgilisinin başını götürür və onu bir reyhan qabında gizlədir. Hər gün o qəbri xatırladan çiçəklərlə dolu qazanı bağrına basır, göz yaşları ilə sulayır, sevgilisi ilə sanki danışır. Reyhan böyüdükcə İzabellanın canı da tükənir. Nəhayət, həqiqəti öyrənən qardaşları çömçəni qırır və qızın son ümidini əlindən alırlar. Bu dərd İzabellanı tədricən məhv edir.

Rəssamın bu əsərində bütün bu faciəvi məqamlar incə şəkildə təsvir olunub. İşıq və rənglərin harmoniyası, İzabellanın kədərli baxışları, reyhanın simvolik böyüməsi tamaşaçını dərindən təsirləndirir. Bu əsər sadəcə bir tablo deyil, sevginin, itkinin və kədərin simvoluna çevrilmiş ölməz bir hekayədir.


Hazırladı: Talehə Hüseynzadə 

Paylaş
Şərh əlavə et