OpenAI-nin yeni GPT-5 modelinə keçid edən bəzi istifadəçilər digital “sevgi partnyorları” ilə olan münasibətlərində ciddi dəyişikliklər hiss etdiklərini bildiriblər. İstifadəçilərin sözlərinə görə, Süni intellekt (AI) partnyorlar əvvəlki kimi isti, səmimi və danışqan deyillər; emosional ton və yaxınlıq hissi azalıb. Redditin MyBoyfriendIsAI alt forumunda istifadəçilər dəyişiklikləri “evdə əşyaların sadəcə yerinin dəyişdirilməsi deyil, tamamilə dağıdılması” kimi təsvir ediblər.

OpenAI məsələyə münasibət bildirərək istifadəçilərə istədikləri halda GPT-4 modelinə qayıtma imkanı verildiyini və GPT-5-in şəxsiyyətinin daha “istilikli” hiss olunacaq yeniləməsinin hazırlanacağını açıqlayıb. Şirkətin baş direktoru Sam Altman istifadəçilərin müəyyən Sİ modellərinə qarşı qurduğu emosional bağlılığın çox güclü olduğunu və texnologiyanın təkcə əyləncə deyil, həm də emosional əlaqə vasitəsi kimi qəbul edildiyini vurğulayıb.
Ekspertlər isə bu vəziyyəti texnologiyanın insan emosiyalarına təsirinin artması kimi qiymətləndirirlər. Hətta bəziləri üçün bu digital münasibətlər real insan əlaqələrinə bərabər emosional təsir yaradır. Al Jazeera-yə danışan bir istifadəçi bildirib ki, AI-nin davranış tərzindəki ani dəyişiklik “əşyaların sadəcə tərtibatının dəyişdirilməsi deyil, tamamilə parçalanması” təsiri yaradıb.
Texnologiya nəhəngləri də bu tendensiyanı görərək müxtəlif yanaşmalar inkişaf etdirirlər. Məsələn, Elon Musk-un xAI platforması cinsi xarakterli chatbotlar təqdim edir və istifadəçilər bunlarla sürətlə emosional və intim əlaqə qura bilirlər. Bu isə texnologiyanın yalnız informasiya və əyləncə vasitəsi olmadığını, həm də insanların emosional və psixoloji təcrübələrinə təsir etdiyini göstərir.
Araşdırmalar göstərir ki, istifadəçilərin AI-yə qarşı qurduğu bağlılıq texnoloji məhsulların gələcək inkişafına istiqamət verir. Bununla yanaşı, cəmiyyət arasında AI ilə münasibətlərin “real və ya xəyali” olduğu mövzusunda fikir ayrılığı artıb. Reddit və digər sosial platformalarda bu mövzuda müzakirələr sürətlə genişlənir, bəziləri digital bağlılıqları əyləncəli qəbul etsə də, digərləri bu bağlılıqları kritik və təhlükəli hesab edir.
Nəticə olaraq, texnologiya və AI-nin inkişafı yalnız iş və həyat proseslərimizi deyil, həm də emosional dünyamızı dəyişdirir. İstifadəçilərin GPT-5 ilə yaşadığı bu təcrübələr insan-makina qarşılıqlı təsirinin gələcəkdə hansı dərəcədə dərinləşə biləcəyini göstərir.
Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
