Bu gün:

Aşağı gəlirli ailələrdən olan istedadlı uşaqlar orta məktəbdə geri qalmağa başlayır


Britaniyalı alimlər müəyyən ediblər ki, müxtəlif gəlir səviyyəsinə malik ailələrdən olan uşaqlar arasında təhsil nailiyyətlərində fərq orta məktəbdə yaranmağa başlayır. Bu barədə PsyPost nəşri Research in Social Stratification and Mobility adlı elmi jurnala istinadən yazır.

Tədqiqat müəllifləri 2000–2002-ci illər arasında Böyük Britaniyada aparılmış ümummilli araşdırmanın məlumatlarını təhlil ediblər. Bu araşdırmada 18 818 britaniyalı uşaq iştirak edib. İştirakçılar 5 idrak testindən keçiblər.

Təxminən dörddə bir uşaq yüksək nəticələr göstərib və alimlər bu uşaqların bacarıqlarının inkişafını izləməyə davam ediblər. Məlum olub ki, orta məktəbə keçidə qədər aşağı gəlirli ailələrdən olan uşaqların idrak qabiliyyətləri yüksək gəlirli ailələrdən olan yaşıdları ilə eyni səviyyədə qalırdı. Lakin 11–14 yaş aralığında aşağı gəlirli ailələrdən olan uşaqlarda idrak bacarıqlarında kəskin pisləşmə müşahidə olunub. Bundan əlavə, yeniyetmələr özlərini daha pis aparmağa başlayıb ki, bu da onların təhsil göstəricilərinin enməsinə səbəb olub.

Alimlər vurğulayırlar ki, tədqiqat uşaqların inkişafında sosial-iqtisadi mühitin vacibliyini göstərir. Lakin onlar qeyd edirlər ki, nəticələr yalnız britaniyalı uşaqlar üzərində aparılmış tədqiqat əsasında çıxarılıb — digər ölkələrdə nəticələr fərqli ola bilər.

Mənbə: mel.fm

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et