24media.az-ın budəfəki müsahibi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlilidir. O, çimərliklərdə təhlükəsizlik və yeni xilasetmə texnologiyalarından danışıb.
-Texnologiyanın, məsələn, dronların və ya ağıllı nəzarət sistemlərinin dənizdə təhlükəsizliyi artırmaqda rolu nə dərəcədə realdır və Azərbaycanda belə texnologiyaların tətbiqi mümkündürmü?
Ümumiyyətlə, bilirsiniz ki, artıq hər sahədə innovativ sistemlərdən istifadə olunur. Biz də Fövqəladə Hallar Nazirliyi olaraq bu cür yeniliklərə hər zaman açığıq.
Bizə bir neçə təklif gəlib – uzaqdan idarəetmə sisteminə malik xüsusi xilasetmə aparatlarının tətbiqi ilə bağlı. Hazırda həmin təklifləri dəyərləndiririk, baxırıq görək hansı sistemlər bizə daha əlverişlidir.
Əlverişlidir o baxımdan ki, bilirsiniz, Xəzər dənizi çox küləkli, dalğalı bir dənizdir. Bizim əsas tələblərimizdən biri ondan ibarətdir ki, həmin sistemlər – bu idarəetmə aparatına malik xilasetmə avadanlıqları küləkli havada, dalğalı dənizdə rahatlıqla idarə oluna bilsin. Suda batma təhlükəsi ilə üzləşən şəxsi, çətin hava şəraitində sudan xilas edə bilsin.
Hazırda bunun üzərində işlər gedir. Onu da qeyd edim ki, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən cari ildə 58 nəfər, yəni daha aydın desək, suda boğulma təhlükəsi ilə üzləşən şəxs xilasedicilərimiz tərəfindən xilas olunub. Onlar sağlam həyatlarını davam etdirirlər.
Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda batma hadisəsi qeydə alınmamışdır. Fürsətdən istifadə edərək vətəndaşlara bildiririk ki, çimərlik seçimlərinə diqqətli olsunlar. Əgər hər hansı bir çimərlikdə xilasedicilər yoxdursa, həmin çimərliklərdən istifadə etməsinlər.
O cümlədən, çimərliklərdə təhlükəsizlik üçün istirahət zamanı hava şəraiti və günün saatları da önəmlidir. Bildiririk ki, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda suya girmək qadağandır. Həmçinin hava qaraldıqdan sonra, axşam saat 8-dən sonra suya girmək tövsiyə olunmur, çünki bu olduqca təhlükəlidir.
Zəhra Əliyeva
