Benyamin Netanyahu - İsrailin ən uzun müddət baş nazir vəzifəsində çalışmış və siyasətində açıq-aşkar ən təsirli fiqur - Qəzzadakı müharibə ilə bağlı özünə görə əsas həqiqətdən dönməyib.
Həmas İsrailə hücum etdikdən sonra təxminən iki il ərzində o, İsrailə və xarici dünyaya ardıcıl şəkildə eyni mesajı verib. Bu mövqeyini ilk dəfə 28 oktyabr 2023-cü ildə, hücumdan üç həftə sonra Qəzza zolağına müharibənin ilk böyük quru əməliyyatını əmr edərkən açıq şəkildə ifadə edib və o vaxtdan dəfələrlə eyni fikirləri təkrarlayıb.
“Biz vətənimizi müdafiə etmək üçün döyüşəcəyik. Geri çəkilmədən döyüşəcəyik. Quru, dəniz və havada döyüşəcəyik. Düşməni yerin üstündə və altında məhv edəcəyik. Döyüşəcəyik və qalib gələcəyik.
Bu, xeyirin şər üzərində, işığın qaranlıq üzərində, həyatın ölüm üzərində qələbəsi olacaq. Bu müharibədə biz daha əvvəlkindən də birləşmiş şəkildə, səbəbimizin haqlılığına əmin olaraq möhkəm dayanacağıq”.
Onun çıxışı 1940-cı ilin iyununda, Almaniyanın Şimal Fransada Britaniyanı məğlub etməsindən və Dunkerkdən 338 minə yaxın müttəfiq əsgərin təxliyəsindən sonra Uinston Çörçillin “çimərliklərdə döyüşəcəyik” çağırışının intonasiyalarını daşıyıb.
Həmasın 7 oktyabr hücumu İsrailə bir gündə ən ağır zərbəni vurub, sərhədlərin yarılması, çox sayda insanın öldürülməsi və girov götürülməsi hələ də ölkədə dərin qorxu yaradır. Bu hadisə müharibəyə və onun aparılma tərzinə ciddi təsir göstərir. Netanyahunun “indiyə qədərkindən daha çox birləşəcəyik” bəyanatına baxmayaraq, İsrail indi tarixindəki ən parçalanmış dövrlərindən birini yaşayır və cəmiyyətdəki əvvəlki çatlar artıq dərin uçurumlara çevrilib.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
