Bu gün:

"Qida Təhlükəsizliyi Agentliyi məktəb bufetlərinə nəzarəti gücləndirməlidir" - Ekspertlə Müsahibə


Bunu 24media.az-a 20 nömrəli məktəb-liseyində zəhərlənmə hadisəsini şərh edərkən qida eksperti Ağa Salamov deyib.

Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə zəhərlənmə hadisəsi baş verib. Səhiyyə müəssisəsinə yerləşdirilən 6 şagird müvafiq müayinə və müalicə prosedurundan sonra evə buraxılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, zəhərlənmənin əsas səbəbi quş əti tərkibli qida olub.


Qida eksperti Ağa Salamov bildirir ki, qida məhsularının tənzimlənmiş dərəcə standartlarına uyğun olmaması və mikrobioloji çirklənmələrə məruz qalması zəhərlənmələr ilə nəticələnir:


"Uşaqların zəhərlənməsi halları müxtəlif səbəblərdən ola bilər. Məsələn, ətin suyunun çirklənməsi nəticəsində toyuğa bulaşması və ya əksinə mikrobioloji zəhərlənmələr baş verə bilir. Bunlar ,əsasən, düzgün şərtlər altında mühafizə olunmayan qida məhsullarında, xüsusilə riskli qida məhsullarında, hətta balıqda, toyuqda, ağartı, yağlarda, heyvan mənşəli kərə yağlarında və s. kimi məhsullarda daha geniş yayılırlar. Bu nəticədə qida zəhərlənməsinə səbəb olur. Çünki qida məhsullarının soyuducularda rəflənməsi, soyuducu hava kütləsində qida zəncirində qırılmaların olması, tənzimlənmiş dərəcə standartlara uyğun olmaması və nəticədə ət sisli qidaların mikrobioloji çirklənmələrinə məruz qalması qida zəhərlənmələri ilə nəticələnir”, - ekspert qeyd edir.


Mütəxəssis qidaların daşınma məsələsinə də toxunur:


“Çox vaxt bu cür qidaların daşınması ketrinq şirkətləri tərəfindən həyata keçirilir. Ketrinq şirkətləri isti qida zəncirində standartlara cavab verirlərmi? Düzgün şərtlərlər altında qidaların daşınması, soyuq qida zəncirində, yoxsa isti saxlanılan dolablarda daşınır yoxsa daşınmırmı? Əgər bu standartlara cavab verirsə, bu qidaların təhvil alandan sonra saxlanma şəraiti hansı vəziyyətdədir? Bunların hamısı sual altındadır. Bunların hamısına ciddi monitorinqlər eləyərək Azərbaycan Qida Təhslükəsizliyi Agentliyi tərəfindən nəzarəti gücləndirilməlidir”, - o vurğulayır.


Salamovun fikrincə, zəhərlənmə hallarında birbaşa məktəb direktoru, direktor müavini  məsul və aidiyyəti şəxslər məsuliyyət daşıyırlar:


“Bu cür yerlərdə, müəssisələrdə işləyən işçi qüvvələrindən biri olan aşpazlar qida bilgilərinə sahib olan, peşə təhsilli, xüsusi təlim keçmiş olmalıdır. Çox vaxt təcrübədə görürük ki, bəzilərinin diplomu var, amma savadı yoxdur. Ona görə də xüsusi təlim keçmiş, standartları bilən, kritik nöqtələrin analizinin təhlili kimi şərtlərə cavab verən bir aşpaz olmalıdır ki, orada qida zəhərlənmələri baş verməsin".


Ekspert əlavə edib ki, təhsil ocaqlarında olan tələbələrin qidalanması sağlam şəkildə olmalıdır.

"Məktəblilərin qidalarına gəlincə onların qidalanmalarının əsasını sağlam qidalar təşkil etməlidir. Məsələn, çox yağda qidalar birmənalı olaraq orqanizm üçün zərərlidir. Hətta bu kimi məhsullar bağırsaq sistemlərində, qaraciyər, qan-damar sistemlərinə müxtəlif fəsadlar törədə bilər. Təhsil ocaqlarında olan tələbələrin qidalanması sağlam şəkildə olmalıdır.  Əsasən, zeytun yağından hazırlanmış salatlara üstünlük vermək olar. Mayonezli salatlar çox vaxt tövsiyə edilmir, çünki onlarda zəhərlənmə halları yüksək ola bilər. Eyni zamanda, yumurtadan hazırlanmış qidalarda risk qrupuna daxildir. Mövsümi tərəvəzlərdən, göyərtilərdən , hətta meyvələrdən də salatların hazırlanması mümkündür. Bu salatları uşaqlara təqdim edərək, onları sağlam qidalanma ilə təmin edə bilərik. Onunla yanaşı ət məhsulları, balıq, toyuq məhsulları da verə bilərlər. Ancaq dediyimiz kimi, düzgün şərtlər altında mühafizə olunan, mənşəyi məlum olan, saxlanma şəraiti də stnadartlara uyğun olan,  texnoloji baxımdan riayət olunan qidalar olmalıdır", -  Ağa Salamov əlavə edir:


Təhsil müəssisələrində iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil Müəssisəsində İaşə və Tibb Xidmətinin Təşkili Qaydası və Normalarının Təsdiq edilməsi haqqında” Qərarına, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı”na və “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında” Qərarına uyğun norma və qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır.


Həmçinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi də vaxtaşırı monitorinqlər həyata keçirir. Elə zəhərlənmə baş verən müəssisədə də AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırma aparılıb. Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub:


“Sözügedən qidaların vitrinlərə (isti və soyuq vitrin, açıq vitrin) yığılaraq satışı həyata keçirilir. Həmçinin, məktəbdə yoxlama zamanı müəssisəyə qida məhsulları gətirildikdən sonra temperatur və nəmliyə nəzarət olunmadığı da müəyyən edilib. Eyni zamanda, yoxlama zamanı 26 adda müxtəlif çeşiddə qida məhsulundan nümunələr, 6 nəfər işçinin əllərindən yaxma nümunəsi və 20 ədəd müxtəlif səthlərdən, istifadə olunan alət və ləvazimatlardan yaxma nümunələri götürülərək laborator müayinələrin aparılması məqsədilə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına təqdim edilib. Yoxlamanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, - qurumdan deyilib.


2022-2023-cü illər ərzində Agentlik tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirilib. Yoxlamalar çərçivəsində müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınması, qida blokunun işçi heyətinin ilkin və dövri-tibbi müayinədən keçməsi, qida bloklarında yeyinti məhsullarının tədarükü, saxlanılması, etiketlənmə və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri və onları təsdiq edən müşayiətedici sənədlər, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğu araşdırılıb və müvafiq aktlar tərtib edilib. Yoxlama zamanı 172 ümumi təhsil müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib ki, bunlardan 42-də inzibati məsuliyyət yaratmayan (qida təhlükəsizliyi qeydiyyatına alınmamaq), 130-da isə inzibati məsuliyyət yaradan nöqsanlar müəyyən edilib, nəticədə təhsil müəssisəsinin məsul şəxsləri inzibati məsuliyyətə cəlb olunublar.

Fatimə Mustafayeva.

Paylaş
Şərh əlavə et