Bu gün:

İnsanlarda dırnaqlar nə işə yarayır?


Bütün primatlar kimi, insan barmaqlarının da dırnaqları ilə dəstəklənən geniş ucları var.

Dırnaqlar niyə yaranıb?

Dırnaqlar keratin adlanan şəffaf zülaldan hazırlanır. Bu həm də saçımızın istehsal olunduğu zülaldır. At, inək və zebra kimi heyvanların dırnaqları da eyni zülaldan əmələ gəlir. Uzun, sərt hissəyə (dırnaq lakının vurulduğu hissə) dırnaq lövhəsi deyilir. Onun formasını təyin edən altındakı sümüyün quruluşudur. Ölü sıxılmış hüceyrələrin bir neçə qatı dırnağı güclü, sərt və eyni zamanda çevik edir. Dırnaq dəridən çıxanda hüceyrələr əslində ölür, buna görə də dırnaqlarımızı kəsdiyimiz zaman incitmir. Eyni şey saçlarımız üçün də keçərlidir.

Niyə dırnaqlarımız var?

Dırnaqlar pəncələrə və at dırnaqlarına çox bənzəyir. Bütün primat ailə üzvləri, o cümlədən insanlar, geniş barmaq uclarına malikdir və dırnaqlarla dəstəklənir. Meymunlar, şimpanzelər və lemurlar kimi günlərini ağaclara dırmaşaraq və budaqdan budağa tullanaraq keçirən heyvanların bunu asanlıqla etmək üçün geniş barmaq uclarına və dırnaqlara ehtiyacı var. Geniş barmaq uclarının dırnaqlarla örtülməsi barmağın qorunmasında əhəmiyyətli bir üstünlükdür. Dırnaq, qaşıma və qazma kimi işlərə də kömək edir.

Dırnaq əvəzinə pəncələri olan heyvanlar primatlar kimi ovlamaq, qazmaq, özünü müdafiə etmək və hətta ağaclardan yapışmaq üçün pəncələrindən istifadə edirlər. Bu, dırnaqların və pəncələrin əslində eyni məqsədə xidmət etdiyini göstərir.

Homo Sapiens 2,5 milyon il əvvəl daş alətlərdən istifadə etməyə başlayanda onların barmaq ucları əcdadlarından daha böyük forma almağa başladı. Minlərlə illik təkamül zamanı tarixdən əvvəlki insanların dırnaqları daha kiçik və daha estetik görünüşə malik oldu. 

Əl və ayaq dırnaqları nə işə yarayır?

• Dırnağın əsas məqsədi barmaqları qorumaqdır. Dırnaq barmaq ucu sümüklərini (distal phalanx) və ətrafdakı yumşaq toxumaları zədələrdən qoruyur.

• Barmaq bir obyektə toxunduqda, dırnaq barmağı dəstəkləyir, barmağın ətli hissəsinin həssaslığını artırır.

• Bəzi kəsmə, cırma, qaşıma və tutma hərəkətlərinə kömək edir.

• Qaşıma funksiyasını da nəzərdən qaçırmaq olmaz.

• Ayaq dırnaqları isə sərt quruluşu sayəsində barmaqların ucundakı damarları və əzələ şəbəkələrini qoruyur.

• Sağlamlığın göstəricisidir. Dırnaqlar yaxınlaşan bir xəstəliyin əlamətlərini göstərə bilər. Həkimlər xəstələrin dırnaqlarını yoxlayırlar, çünki onlar müəyyən xəstəliklərin diaqnozunda mühüm əlamət sayılır. Dırnaqlardan susuzluq və ya xəstənin şok vəziyyəti başa düşülə bilər. Təzyiq vurulduqdan sonra tez əvvəlki çəhrayı rənginə qayıtmaması da hipovolemiyanın, yəni qanın miqdarının azalmasının göstəricisidir.

Mənbə: Olağanüstü Kanıtlar

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et