2003-cü ilin 14 avqustunda ABŞ və Kanadada 50 milyondan çox insanın işıqsız qalmasına səbəb olan böyük bir elektrik kəsintisi baş verib.
2003-cü ilin bürkülü yay günündə ABŞ və Kanadanın bir-birinə bağlı enerji sistemlərində nəhəng bir qəza baş verib. Zəncirvari reaksiya nəticəsində Klivlend və Detroyt qədər qərbdə, Toronto və Ottawa qədər şimalda yerləşən çoxsaylı elektrik stansiyaları bağlanıb. Bir neçə dəqiqə ərzində 50 milyondan çox insan işıqsız qalıb. 14 avqust 2003-cü ildə ABŞ-nin ən böyük şəhəri Nyu-York da birdən-birə dayanan həyatın ortasında idi. Nyu-Yorkdakı pozulma genişmiqyaslı və xaotik idi. Təcili yardım xidmətləri stansiyalar arasında qalan təxminən 600 metro və şəhərətrafı qatar vaqonundakı sərnişinləri çıxarmaq üçün saatlarla çalışıb. Bəziləri metro tunellərindən qaranlıqda yavaş-yavaş çıxmalı olub. Yüzlərlə insan isə liftlərdə, hətta Empire State Building-in ən yuxarısında ilişib qalıb. Bankomatlar işləmir, elektrik nasosları dayandığı üçün bəzi ərazilərə su gəlməyib. İsti havada mağaza və restoranlardakı soyudulan qida və içkilər tez xarab olub.
Kondisionerlər işləmədiyi üçün insanlar istidən qaçaraq küçələrə çıxıblar. Mobil şəbəkələr və televiziyalar işləmədiyi üçün sakinlər nə baş verdiyini anlaya bilməyiblər. 11 sentyabr hücumlarından iki il keçməyib, buna görə bəziləri bunun terrorla bağlı ola biləcəyindən qorxublar. Sıxılan avtobuslara minməyə çalışanlar olub, amma işıqforlar işləmədiyi üçün yollar tıxanır, Manhattandan çıxmaq dörd saat çəkib. Minlərlə insan isə istiyə baxmayaraq evlərinə piyada gedir, körpülərdən keçərək qeyri-adi mənzərə yaradıb. Gecə düşəndə evə çata bilməyənlər istidə küçələrdə və parklarda yatmalı olub. Şəhərdə şam işığından istifadə edənlərin pərdələri və mebelləri yanaraq bir sıra yanğınlar baş verib.
Bu, Nyu-Yorkun ilk böyük elektrik kəsintisi olmayıb. 1977-ci ildə ildırım elektrik xətlərinə dəyərək böyük kəsintiyə səbəb olub, qarət və iğtişaşlar nəticəsində minlərlə həbs olub. 2003-də isə əksinə, şəhər sakinləri bir-birinə yardım edib. Nəticədə, gözlənilənin əksinə olaraq, kəsinti ilə bağlı cinayət halları azalıb və həbs sayı adi günlərdən 100 nəfər az olub.
Mənbə: BBC news
Tərcümə etdi: Nigar Muştaqova
