Bu gün:

Avstraliya Fələstin Dövlətini tanıyacağını açıqlayıb


Avstraliyanın Baş naziri Entoni Albanese sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin Dövlətini tanıyacaqlarını açıqlayıb.

Kabinet iclasından sonra jurnalistlərə açıqlama verən Albanese, ölkəsinin Fələstin Dövlətini tanıma qərarı aldığını və bu qərarın sentyabr ayında BMT Baş Assambleyasında rəsmiləşdiriləcəyini bildirib.

Albanese deyib: “Yaxın Şərqdə zorakılıq dövrəsini qırmaq, Qəzzada toqquşmaları, əzabı və aclığı sona çatdırmaq üçün iki dövlətli həll insanlığın ümididir”.

Qəzzadakı aclığa da diqqət çəkən Baş nazir, “Qəzzadakı vəziyyət dünyanın ən böyük qorxularını belə geridə qoyub. İsrail hökuməti beynəlxalq hüquqa meydan oxumağı və uşaqlar da daxil olmaqla ümidsiz insanlara kifayət qədər yardım, qida və su verməkdən imtina etməyi davam etdirir” – deyə qeyd edib.

Albanese, Fələstin Dövlətini tanıma qərarının yalnız simvolik olduğu barədə şərhləri də rədd edərək, “Bu qərar, prosesə sürət qazandırmaq üçün mühüm bir töhfədir” – deyə vurğulayıb.

Mənbə: TRT HABER

Tərcümə etdi: Solmaz Muradova

Paylaş
Şərh əlavə et