Rusiya tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşmasına, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılmasına kömək etməyə hazır olduğunu təsdiqləyib.
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətində İrəvan və Bakı arasında davamlı sülh istiqamətində atılacaq addımların vacibliyini vurğulayıb və Moskvanın bu prosesə yardım etməyə hazır olduğunu bildirib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb: “Vladimir Putin İrəvan və Bakı arasında davamlı sülhün təşviqi üçün addımlar atmağın vacibliyini vurğuladı. Rusiya tərəfi 2020–2022-ci illərdə ali səviyyədə imzalanmış üçtərəfli razılaşmalara uyğun olaraq regionda nəqliyyat kommunikasiyalarının açılması da daxil olmaqla Ermənistan–Azərbaycan münasibətlərinin hərtərəfli normallaşmasına yardım göstərməyə hazır olduğunu təsdiqlədi",-deyə açıqlamada bildirilib.
Qeyd edək ki, 8 avqustda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Bakı və İrəvan arasında sülhün təmin edilməsinə və iki ölkə arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. Bu dəhliz “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırılacaq. Ermənistan dəhlizin idarəetmə hüququnu 99 il müddətinə ABŞ-yə verib.
Mənbə: TASS
Tərcümə etdi: Nəzakət Nəsibli
