Bu gün:

Netanyahu Qəzza planlarını müdafiə edir


BMT səfirləri İsrailin Qəzza şəhərinə “nəzarəti ələ almaq” planını pisləyiblər, Baş nazir Benyamin Netanyahu isə bunun müharibəni bitirməyin “ən yaxşı yolu” olduğunu bildirib.

Netanyahu mətbuat konfransında məqsədinin “yalanları ifşa etmək” olduğunu qeyd edərək planlaşdırılan hücumun “nisbətən tez” həyata keçiriləcəyini və “Qəzzanı HƏMAS-dan azad edəcəyini” söyləyib.

O, həmçinin Qəzzada saxlanılan israilli girovların “bilə-bilə ac saxlanılan yeganə insanlar” olduğunu iddia edib və İsrailin Qəzza əhalisini aclığa məhkum etdiyini təkzib edib.

Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında İsrail ciddi tənqid edilib. Böyük Britaniya, Fransa və digər ölkələr planın “beynəlxalq humanitar hüququn pozulması” riskini daşıdığını bildiriblər. Danimarka, Yunanıstan və Sloveniya ilə birlikdə onlar planın ləğvini tələb edərək bunun “girovların azad olunmasına heç bir fayda verməyəcəyini və əksinə, onların həyatını daha da təhlükəyə atacağını” vurğulayıblar.

Şuranın digər üzvləri də oxşar narahatlıqlarını ifadə ediblər. Çin Qəzza əhalisinə qarşı “kollektiv cəza”nı qəbuledilməz adlandırıb, Rusiya isə “düşmənçiliyin məsuliyyətsiz şəkildə artırılması” barədə xəbərdarlıq edib.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et