Bu gün:

Dostluq, musiqi və cəsarət-Forte Strings Group


Azərbaycanın musiqi sahəsində maraqlı layihələrdən biri də simli alətlərin sehrini müasir üslubla təqdim edən Forte Strings Group-dur. Dostluğun, yaradıcılığın və cəsarətin birləşdiyi bu kollektiv həm ölkədə, həm də xaricdə dinləyicilərə fərqli orkestr təcrübəsi yaşatmağı hədəfləyir. 

24media.Az-ın “1 sual – 1 cavab” rubrikasının növbəti qonağı gənc cello ifaçısı, Beynəlxalq müsabiqələr laureatı Vaqif Qurbanovdur. O, həm qrupun yaranma hekayəsini, həm də ilk solo konsertin onlar üçün nə ifadə etdiyini bizimlə bölüşdü.

Belə bir musiqi qrupunu yaratmaq ideyası necə yarandı və ilk solo konsertinizin baş tutması sizdə hansı təəssüratları oyatdı?

— Forte Strings Group olaraq bizim hekayəmiz dostluq, musiqi, sevgi və bir az da cəsarətlə başladı. Hər birimiz uzun illər simli alətlərlə fərqli səhnələrdə çıxış etmişik, amma bir gün düşündük ki, niyə bu enerjimizi və yaradıcılığımızı bir araya gətirməyək? İstəyirdik ki, simli musiqinin təkcə klassik janrda deyil, müasir və fərqli üslublarda da necə güclü təsir bağışlaya biləcəyini göstərək. Hədəfimiz həm Azərbaycanda, həm də xaricdə səhnələrdə çıxış edərək dinləyicilərə yeni bir simli orkestr təcrübəsi bəxş etməkdir.

2 iyul bizim üçün unudulmaz bir tarixdir. İlk solo konsertimizin pərdəsi açıldığı an sanki bütün məşqlər, bütün zəhmət bir anlıq gözlərimizin önündən keçdi. Tamaşaçıların reaksiyası isə gözlədiyimizdən də emosional və səmimi oldu. Musiqimizin insanlara bu qədər toxunması, onların hər ifadan sonra alqışlarla və sevgi dolu baxışlarla qarşılıq verməsi bizə böyük motivasiya verdi. O gün səhnədə hiss etdik ki, bu yola çıxmaqda tamamilə haqlıyıq.

Forte Strings Group-un səhnədəki harmoniyası 3 istedadlı violin ifaçısı Beynəlxalq müsabiqələr laureatları Özcan Cabbari, Emil Hüseynov və İsmail Xəlilinin bir araya gəlməsi ilə tamamlanır.

Qeyd edək ki, kollektiv 29 Avqust 2025-ci il tarixində yenidən səhnədə tamaşaçılar qarşısında rəngarəng proqramla çıxış edəcək.


Hazırladı: Ayshannajakh

Paylaş
Şərh əlavə et