Bu gün:

Kamança – əsrlərin səsini bu günə daşıyan milli musiqi aləti


Kamança, qədim Şərq musiqi mədəniyyətinin ən önəmli simli-kamanlı alətlərindən biridir və Azərbaycan milli musiqi irsinin ayrılmaz hissəsidir. Onun tarixi təxminən IX–X əsrlərə gedib çıxır. Ən qədim kamança təsvirlərinə Orta Asiya, İran və Qafqaz bölgəsinə aid miniatür rəsmlərdə və daş heykəllərdə rast gəlinir.

Əvvəlcə yalnız saray musiqisində istifadə olunan kamança zamanla xalq arasında da geniş yayılıb. XIII–XIV əsrlərdə isə artıq Qafqaz, Orta Asiya və Yaxın Şərq musiqi ansambllarının əsas alətlərindən birinə çevrilib. Azərbaycan musiqisində kamançanın yeri xüsusidir. Muğam sənətində tarla birlikdə əsas melodiyanı müşayiət edən alət kimi tanınır. “Rast”, “Segah”, “Şur” kimi muğamların kamança ilə ifası dinləyiciyə xüsusi emosional təsir bağışlayır.
Kamançanın quruluşu sadə, amma funksionaldır: taxta gövdə, dəri membran və 3–4 simdən ibarətdir. Onun səsi insan səsinə bənzədiyi üçün xalq arasında “oxuyan alət” adlandırılır. 2017-ci ildə Azərbaycan, İran və Türkmənistanın birgə təqdimatı ilə “Kamança musiqi sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Bu gün Azərbaycanda kamança ixtisası uşaq musiqi məktəblərindən tutmuş ali təhsil müəssisələrinə qədər müxtəlif səviyyələrdə tədris olunur. Musiqi məktəblərinin əksəriyyətində bu ixtisasa xüsusi yer verilir, konservatoriya və kolleclərdə isə peşəkar kadrların hazırlanması davam edir. Lakin mütəxəssislərin sözlərinə görə, kamança üzrə tədris materiallarının məhdudluğu diqqət çəkir. Hazırda tədris repertuarında cəmi bir neçə əsas əsər mövcuddur və bu, gənc ifaçıların peşəkar inkişafını məhdudlaşdırır.
Kamança həm tarixi, həm də bədii dəyərinə görə yalnız milli musiqi aləti deyil, xalqlar arasında mədəni körpü rolunu oynayan unikal bir sənət nümunəsidir. Onun qorunması, tədrisinin gücləndirilməsi və yeni əsərlərlə repertuarın zənginləşdirilməsi gələcək nəsillərə bu zəngin musiqi ənənəsini çatdırmaq baxımından böyük əhəmiyyət daşıyır.

Hazırladı: Gülay Bədirli 

Paylaş
Şərh əlavə et