Bu gün:

İtalyanlar bahalı özəl çimərliklərdən imtina edir


İtaliyada bu yay çimərlik mövsümündə diqqətçəkən dəyişiklik müşahidə olunur-  çoxlu sayda insan özəl çimərliklərə getməkdən imtina edərək pulsuz çimərliklərə üstünlük verir. Səbəb kimi isə qiymətlərin kəskin artması göstərilir. Ölkənin iki uzun sahil xətti boyunca yerləşən özəl kurortlarda iyun–iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ziyarətçi sayı 15–25% azalıb.

İtaliyada çimərliyə gedib kabinələr, şezlonqlar və çətirlər icarələmək uzun illərdir yay mədəniyyətinin bir hissəsi olsa da, bu il xüsusən iş günlərində müştəri axınının azalması diqqəti çəkib. Assobalneari Italia Assosiasiyasının prezidenti Fabrizio Licordari bunu yüksək həyat xərcləri və insanların azalan alıcılıq qabiliyyəti ilə əlaqələndirib. Onun sözlərinə görə, iki əmək haqqı ilə yaşayan ailələr belə ayın sonunu çətinliklə gətirirlər və ilk ixtisara getdikləri xərclər arasında istirahət və əyləncə olur.

Qiymət artımı isə narazılığın əsas səbəblərindən biridir. İstehlakçı təşkilatı Altroconsumo-nun məlumatına görə, son dörd ildə şezlonq icarəsi orta hesabla 17% bahalaşıb. Lazio bölgəsində iki şezlonq və bir çətir üçün günlük ödəniş 30 avrodan aşağı düşmür. Pugliadakı məşhur Gallipoli kurortunda isə bu qiymət təxminən 90 avroya çatır. Aktyor Alessandro Gassmann sosial şəbəkədə paylaşdığı boş şezlonq fotoları ilə qiymətlərin endirilməsinə çağırış edib.

Fiba- İtaliya çimərlik kurortları federasiyasının prezidenti Maurizio Rustignoli isə qiymət artımı ilə bağlı iddiaların “yanıldıcı” olduğunu və bunun yalnız müəyyən hallarda kiçik faizlə baş verdiyini deyib. Lakin istehlakçı müdafiə təşkilatı Codacons çimərlik kurortlarının insanların büdcəsinə ciddi yük yaratdığını bildirərək sahibkarları “timsah göz yaşları tökməkdə” günahlandırıb.

Digər tərəfdən, çimərliklərdəki bu azalma dağlıq bölgələrdə turizmin artmasına səbəb olub. Xüsusilə Dolomit dağlarında turist sıxlığı müşahidə olunur. İtaliyalılar getdikcə daha çox yay istirahətini dağlarda keçirməyə üstünlük verir ki, bu da həm isti yaylardan qaçmaq, həm də iqlim dəyişikliyinin təsirlərindən yayınmaq məqsədi daşıyır.

Mənbə: The Guardian

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et