Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp 15 avqustda Alyaskada görüşəcək. Bu barədə Kreml köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.
“ABŞ tərəfi bir qədər əvvəl elan etdi ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında 15 avqust, cümə günü Alyaskada görüş keçirilməsi barədə razılıq əldə olunub. Rusiya və ABŞ yaxın qonşulardır, sərhədləri bir-birinə toxunur. Nümayəndə heyətimizin sadəcə Berinq boğazından uçması və belə mühüm, uzun müddətdir gözlənilən sammitin iki ölkə liderləri arasında orada keçirilməsi tamamilə məntiqlidir",-deyə Uşakov bildirib.
Daha əvvəl Donald Tramp Alyaskada 15 avqustda Putinlə görüşəcəyinə ümid etdiyini özünün “Truth Social” səhifəsində açıqlamışdı. Bu, Trampın 2025-ci ilin yanvarında Ağ Evə qayıdışından sonra iki liderin ilk üzbəüz görüşü olacaq.
Kreml 7 avqustda iki liderin yaxın günlərdə görüş keçirəcəyini təsdiqləmiş, Putin isə ikitərəfli görüşə qarşılıqlı marağın olduğunu vurğulamışdı.
Bəyanatlar ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkofun 6 avqustda Moskvaya səfəri və Putinlə təxminən üç saat davam edən görüşündən sonra səslənib.
Mənbə: TASS
Tərcümə etdi: Nəzakət Nəsibli
