Böyük ehtimalla siz də belə bir vəziyyətlə qarşılaşmısınız: telefon zəng çalır, cavab verirsiniz və eyni saniyədə zəng kəsilir. Zəng cəmi bir neçə saniyə çəkir, nömrə isə naməlumdur. Bu nə idi? Səhv? Təsadüf? Təəssüf ki, əksər hallarda bu, təsadüfi olmur. Təcrübə göstərir ki, bu cür “ani” zənglər demək olar ki, həmişə dələduzların, reklam robotlarının və ya müxtəlif şirkətlərin avtomatik zənglərinin işidir.
Bu zənglər niyə göründüyündən daha təhlükəlidir?
İlk baxışdan zərərsiz görünə bilər – axı danışıq belə olmayıb. Amma məsələ bundadır: dələduzların məqsədi sizinlə danışmaq deyil, sizin özünüzün geri zəng etməyinizdir. Bu üsulun onlar üçün üstünlükləri çoxdur.
Niyə zəng edib dərhal kəsirlər?
Bu, vaxt itirmədən qısa müddətdə mümkün qədər çox insana çatmaq üsuludur. Əksər hallarda bu zənglər xüsusi proqramlarla avtomatik edilir. Nömrə bazalarını əldə etmək və ya almaq asan olduğundan, dələduzlar üçün bu, sadəcə kütləvi “balıq ovu” əməliyyatıdır – geri zəng edən hər kəs isə potensial qazanc mənbəyidir.
Məqsəd – təşəbbüsü sizə ötürmək
Naməlum nömrədən gələn buraxılmış zəng adətən maraq doğurur. Məsələn, kuryeni gözləyirsiniz, müştəridən cavab umursunuz və ya sadəcə internetdə elan yerləşdirmisinizsə, tələyə düşmək asandır. “Vacib bir şeyi qaçırmamaq” üçün geri zəng edirsiniz və artıq hədəfə çevrilirsiniz.

Bundan sonra hadisələr iki cür inkişaf edə bilər:
1. İlkin mərhələ – Geri zəng edirsiniz, amma cavab vermirlər. Lakin nömrəniz artıq “aktiv” hesab olunur və xüsusi siyahıya salınır. Bundan sonra sizə təkrar zənglər gələcək – bu dəfə real aldatma və ya reklam məqsədilə.
2. Aktiv mərhələ – Dərhal cavab verilir: aqressiv reklam başlayır, sizi “sxem”ə cəlb edirlər, şəxsi məlumat, SMS kodu, “təhlükəsizlik yoxlaması” kimi məlumatlar istəyirlər. Bütün bunlar klassik dələduzluq üsullarıdır.
Digər bir üsul – pullu nömrələr
Bəzi spam göndərənlər daha hiyləgər metoddan istifadə edirlər: pullu nömrədən zəng edərək kəsirlər. Siz geri zəng edirsiniz və avtomatik cavab sisteminə düşürsünüz. Orada sizi xətdə saxlamaq üçün hər şey edilir: musiqi, “sərfəli təkliflər” vədləri, operatoru gözləməyiniz barədə müraciətlər. Belə zəngin hər dəqiqəsi sizə az miqdarda olsa da pul yazır. Adətən yekun hesab bir zəng üçün bir neçə yüz rubl (və ya müvafiq məbləğ) təşkil edir.
Ən xoşagəlməz tərəfi isə odur ki, bunu rəsmi şəkildə sübut etmək çətindir – zəngi siz etmiş olursunuz, sizi heç kim məcbur etmir. Buna görə də dələduzluq faktını təsdiqləmək və ya kompensasiya almaq demək olar ki, mümkünsüzdür.

Əgər sizə tez-tez zəng edib kəsirlərsə, nə etməli?
Bütün naməlum nömrələri görməməzlikdən gəlmək hər zaman mümkün deyil. Bir çox insanın işi birbaşa telefon əlaqəsi ilə bağlıdır – müştərilər, kuryerlər, xidmət təşkilatları, xəstəxanalar, işgüzar əlaqələr. Lakin belə hallarda da özünüzü qoruya bilərsiniz:
1. Virtual katiblər
Bir çox mobil operator artıq “ağıllı avtomatik katib” xidmətini təklif edir. Bu sistem sizin əvəzinizə zəngi qəbul edir, danışığı yazır və mətn şəklində göndərir. Beləcə, kimin və nə məqsədlə zəng etdiyini öyrənib, geri zəng edib-etməməyə özünüz qərar verirsiniz.
2. Nömrə tanıma tətbiqləri
NumBuster, Getcontact kimi proqramlar nömrə bazalarından istifadə edir və rəyləri göstərir. Beləliklə, dərhal görürsünüz: “dələduz”, “spam”, “bank kartı reklamı” və s.
3. Nömrələrin əl ilə yoxlanılması
Şübhələndiyiniz halda, nömrəni Google və ya Yandex-də axtarmağınız kifayətdir. Onlarla sayt istifadəçilərin şübhəli zənglər barədə paylaşdığı məlumatları təqdim edir.
Əgər sizə zəng edib dərhal kəsiblərsə, ehtiyatlı olun. Belə bir zəng belə çoxlu spam, aldatma cəhdləri və ya maliyyə itkisinə səbəb ola bilər. Nömrəni yoxlamaq üçün bir neçə dəqiqə sərf etmək, tələyə düşməkdən qat-qat yaxşıdır.
Mənbə: dzen.ru
Tərcümə etdi: Aysu Əsgərzadə
