Ukrayna Prezidenti Volodimir Zelenski, ölkəsinin ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəklərini vurğulayaraq, “Ukraynalılar torpaqlarını işğalçıya verməyəcək”- deyib.
Zelenski, “Telegram” hesabında paylaşdığı videomüraciətində ABŞ Prezidenti Donald Trampın 15 avqustda Rusiyanın dövlət başçısı Vladimir Putinlə Alyaska ştatında keçirəcəyi görüşə münasibət bildirib. Trampın görüş hazırlıqları ilə bağlı açıqlamasını xatırladan Zelenski, müharibənin Ukrayna torpaqlarında getdiyini vurğulayıb.
O, Ukrayna olmadan bu müharibənin bitməyəcəyini qeyd edərək, Rusiyanın Ukrayna ərazilərini ələ keçirmək istədiyini bildirib və “Mən xalqımıza inanıram, ukraynalılar güclüdür. Ukraynalılar öz xalqlarını qoruyur”- deyib.
Xalqın sülh istədiyini bildirən Zelenski əlavə edib: “Lakin bütün tərəfdaşlar ədalətli sülhün nə olduğunu anlamalıdır. Bu müharibə bitməlidir və onu bitirməli olan Rusiyadır”.
“Ukraynalılar torpaqlarını işğalçıya verməyəcək”
Zelenski, ərazi bütövlüyü məsələsində mövqelərinin dəyişməyəcəyini vurğulayaraq belə deyib:
“Ukraynanın ərazi bütövlüyü məsələsinin cavabı artıq Konstitusiyada var. Heç kim bundan imtina etməyəcək və edə bilməz. Ukraynalılar torpaqlarını işğalçıya verməyəcək”.
Prezident qeyd edib ki, Ukrayna sülhü təmin edə biləcək real həllərə açıqdır: “Bizə qarşı olan və Ukraynanın iştirak etmədiyi hər hansı “həll yolu” əslində sülhə qarşı bir addımdır və heç bir nəticə verməyəcək. Bunlar ölü həllərdir, heç vaxt işləməyəcək”.
Zelenski davamlı sülh üçün Tramp ilə əməkdaşlığa hazır olduqlarını bildirib, ölkəsini müdafiə edən ukraynalı hərbçilərə təşəkkür edərək sözlərini belə tamamlayıb:
“Möhkəm dayanın. Bura bizim torpağımızdır, biz Ukraynayıq”.
Mənbə: TRT HABER
Tərcümə etdi: Nuray Əliyeva
