Bu gün:

La Folianın tarixi


Niyə bu sadə melodiya ilk dəfə orta əsr kəndliləri tərəfindən yaradıldıqdan sonra, bu qədər insanın təsəvvürünü ələ keçirib və hətta The Addams Family filmində yer alıb?

Bu gün pop siyahılarını yoxlamaq çox asandır. Spotify-da ən populyar sənətçini bilmək istəyirsən? Sadəcə bir neçə kliklə Ed Sheeran-ın 72 milyon aylıq dinləyicisi olduğunu görə bilərsən. Bəs ən populyar mahnı hansıdır? Yenə də qarışıq saçlı, kürən rəngli romantik Sheeran. Onun “Shape of You” mahnısı heyrətamiz şəkildə, iki milyard dəfə dinlənən ilk trek oldu. Digər yerlərdə rəqəmlər daha da inanılmazdır. Luis Fonsi və Daddy Yankee-nin Despacitosu YouTube-da 6,3 milyard baxışa malikdir. Amma bütün bunlara baxmayaraq, internet sənə hər şeyi deyə bilməz. Məsələn, tarixdə ən populyar melodiya hansıdır? Ən çox ifa olunan mahnı yox, amma yüzlərlə musiqiçi tərəfindən formalaşdırılan ən uzunömürlü melodiya hansıdır? Ən güclü namizədlərdən biri çoxlarının tanımadığı bir melodiyadır. Amma əsrlər boyu La Folia yüzlərlə bəstəkarı və musiqiçini heyran edib. Onun hekayəsi bizə musiqi tarixindən çox şey danışır, bəlkə də özümüz haqqında da.

La Folia italyanca “dəlilik” və ya “dəli hərəkəti” deməkdir, adını kəndlilərin musiqiyə vəhşicəsinə oynayaraq rəqs etməsindən alıb. Onun fərqli akkordları ilk dəfə XV əsrin sonlarında Portuqaliya xalq musiqisindən yaranıb və xalq şənliklərində ifa olunub. Santiago de Murcia-nın “Codice Saldivar No 4” əsərində, Renessans yazıçısı Covarrubias La Folia-nı “çox səs-küylü” adlandırır, başqa biri isə onun “canlılığı və atəşini” vurğulayır, rəqqasların “şəhvət oyadan jestlər etdiyini” yazır. Bu “şəhvət” isə çox sevilib. Yaradılmasından bir əsr sonra La Folia İspaniyaya, oradan da Aralıq dənizi boyunca yayılıb. O dövrdə məşhur mahnılar kimi, əvvəlcə şifahi şəkildə yayılıb. XVII əsrin ortalarından etibarən, əvvəlcə sürətli və coşqulu olan melodiya yavaşlayıb, müəyyən bir sabit melodiyaya oturub. Bu, Barok dövrünün zövqünə uyğun idi, təsadüfi kəndli şənlikləri əvəzinə zəriflik və incəlik. Bu dəyişiklik onun ömrünü uzadıb. Çünki digər rəqs formaları modadan düşsə də, “dəlilik” Fransız İnqilabını belə keçib.

1670-1700 arasında, La Folia-dan istifadə edən əsərlər Saragosa, Berlin, Oksford kimi şəhərlərdə çap olunub. 1760-a gəldikdə isə Meksika və Boliviyaya qədər çatıb. 1710-cu ilə qədər onlarla bəstəkar, o cümlədən, Antonio Vivaldi və Arcangelo Corelli bu mövzunu işləyib. Corelli-nin versiyası xüsusilə məşhurdur: skripkada 11 dəqiqəlik və 23 variasiyalı ifa. La Folia sadəcə klassik musiqidə qalmayıb. O, İsveç siyasi balladasında, açıq-saçıq İngilis operasında, hətta Finlandiya və Norveç xalq mahnılarında iz buraxıb. XIX əsrdə Beethoven, Berlioz, Brahms, Liszt və Raxmaninov belə ondan istifadə edib.

Müasir dövrdə La Folia

Bu melodiya hələ də yaşayır. Müasir musiqiçilər onu sitar, ukulele kimi fərqli alətlərdə ifa edir, janrını dəyişdirərək metal və elektrik gitara versiyalarını yaradırlar. Kino isə ona yeni həyat verib. Məsələn, “The Addams Family” (1991) və “1492” filmlərində La Folia versiyaları istifadə olunub. Rejissor Adam Grannick isə 2016-cı ildə Francesco Geminiani-nin variasiyalarını eksperimental bir qısa film üçün əsas musiqi kimi istifadə edib. Bu film 2017 Manhattan Film Festivalında “Ən yaxşı eksperimental qısa film” mükafatını qazanıb.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova


Paylaş
Şərh əlavə et