Bu gün:

“Bir qayda var idi ki, əsir düşməyək” – Müharibə iştirakçısı ilə müsahibə


24media.az-ın budəfəki müsahibi Azərbaycan və Ermənistan arasında baş verən, 1988-1994-cü illəri əhatə edən Qarabağ müharibəsinin iştirakçısı Nüsrət Hacıyevdir. O, müharibədə başına gələnlər, eləcə də savaşdan sonrakı siyasi vəziyyət barədə sualları cavablayıb.

Müharibəyə neçənci ildə qatıldınız? 


- Birinci Qarabağ müharibəsinə 1990-cı ildə qatıldım. Qatıldıqdan sonra Laçın, Füzuli, Qubadlı, Cəbrayıl, Çaykənd-Daşkəsən rayonu istiqamətində döyüşlərdə olmuşam. Laçın rayonu işğal olunana qədər orada döyüşmüşəm.

Laçının Ermənistan ordusunun nəzarəti altına keçməsini necə xatırlayırsınız?


-Laçının özündə döyüş gedirdi. Bizim Hadrut qəsəbəsi ilə həmsərhəd kəndimiz var idi. Həmin vaxt orada döyüşdə idik. Sonra Laçının müəyyən kəndlərində döyüşlərdə iştirak etdik, Suarası, Xananlar, Cijimli kəndində qızğın döyüşlər getdi. Döyüş zamanı, 1992-ci ilin əvvəllərində hətta Laçında minaya düşdüm. Döyüş yoldaşlarım da təsdiqləyərlər. Yüngül xəsarətlər aldım. Mayda Laçın işğal olundu.

Yaralandıqdan sonra döyüşməyə davam edə bildiniz?


- Bir müddət sonra davam etdim. 1993-cü ildə Füzuli rayonu uğrunda döyüşdük. 1994-cü ildə atəşkəs elan olundu. 1999-cu ildə təqaüdə çıxdım. Bununla da döyüş fəaliyyətimi dayandırdım. Orada baş verənlər hamısı bir xatirədir. Azadlığı uğrunda döyüşdüyümüz bölgələrin hər qarışında xatirələrimiz var. Döyüşlərdə neçə-neçə oğullarımız şəhid, qazi oldu. Bu gün o qazilərlə əlaqəmiz var, görüşürük. Allah şəhidlərimizə isə rəhmət eləsin.

 Müharibə zamanı əsir düşmək təhlükəsi ilə üzbəüz qalmısınız. Bu haqda da danışardınız. 


- Bəli. Mühasirədə də qalmışıq. Elə anlar olub ki, ermənilərin kəşfiyyat qrupu bizi izləyib. Biz həmin anlar əsir də düşə bilərdik. O vaxtlar belə bir qayda var idi ki, biz əsir düşməməli idik. Əgər belə bir an olsa idi, özümüzü məhv etməli idik. Təki onların əlinə düşməyək. Həmin vaxtlarda şəhidlərimiz də oldu. Kəndimizdən - Fərəcandan 4 şəhidimiz var. Döyüş yoldaşlarım  Etibar Əliyev, Salman və Kərəm Zeynalov qardaşları və Məcid adlı oğlan həmin müharibədə şəhid oldu.

2020-ci ildə də iki dövlət arasında növbəti müharibə başladı və 44 gün davam etdi. Həmin döyüşlərdə iştirak etmək istəyiniz oldu? 


-Bəli. Bu saat müharibə olsa, getməyə hazıram. Nəinki mən hər kəs hazırdır. Vətənimiz, elimiz uğrunda vuruşmağa hər an hazırıq.

 Əslən Laçındansınız. Laçın Azərbaycanın nəzarətinə keçdikdən sonra oraya ziyarət etmisiniz? 


- Xeyr. Oğlum Rüfət döyüşlərdə 3 dəfə yaralanıb. Həkimlər kəllə-beyin travması diaqnozu qoyub. Səhhəti ilə əlaqədar dağlıq ərazilərə gedə bilmir. Bu ərazilərə işğaldan azad olunmuş Laçın, Şuşa, Kəlbəcər də daxildir. Bu səbəblərə görə gedə bilməmişik. Ümumiyyətlə, Laçınsız yaşamaq bizim üçün çox çətin oldu. Hər şeyimizi orada saxlayıb çıxmışdıq, şəkilləri belə götürə bilmədik. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində iştirak edən döyüşçülərimiz sayəsində torpaqlarımız azad olundu. Vətən müharibəsi dövründə qismən səfərbərliyə qeydiyyatdan keçənlər arasında da Laçın əhalisi birinci idi. Bu dəqiqə də can atırıq ki, Laçına, Şuşaya, Qarabağın bütün bölgələrini gəzməyə gedək. Bizim orada gözəl xatirələrimiz var. Uşaqlığımız, gəncliyimiz o torpaqlarda keçib. Allah dövlət başçımız İlham Əliyevin canını sağ etsin ki, onun başçılığı ilə torpaqlar qayıtdı.

 Görünür ki, övladınız da davamçınız olub. Müharibə vaxtı yaşadıqlarınız fonunda övladınızın hərbçi olmaq qərarına münasibətiniz necə idi? 


-Özüm müharibəni görmüşdüm. Çox ağır döyüşlərimiz olmuşdu. Heç bir Azərbaycan övladına müharibə arzu etmirəm. Həmişə sülh, əmin-amanlıq içərisində yaşasınlar. Mən Rüfətin polis olmağını istəyirdim. Rüfət uşaqlıqdan vətənpərvər idi. 2017-ci ildə gizir hazırlığı kurslarına məndən xəbərsiz qatılmışdı. Onun arzusu hərbçi olmaq idi. Kursda forma vermişdilər. Formanı gətirib mənə göstərəndə əsəbiləşdim. Çünki onun hərbçi olmağını istəmirdim. Hətta evdən qovmuşdum. Dedim indi hara istəyirsən get. Sonra Rüfətin seçdiyi yolu qəbul etməli oldum. Rüfət mənim təqaüd yaşımın rekordunu təzələdi. Mən 27 yaşımda təqaüdə çıxmışdım, oğlum isə 26 yaşında təqaüdə çıxdı.

2020-ci ildə olan müharibədən sonra gedən prosesləri necə qiymətləndirsiniz? 

- Fərəh hissi keçirirəm. Ruh yüksəkliyi ilə biz ora qayıdacağımıza inanırdıq. Dövlətimizə, ordumuza güvənirdik. İnanırdıq ki, torpaqlarımızı azad edəcəyik. Allah cavanlarımızın canını sağ etsin, şəhidlərimizə rəhmət eləsin. Həmin döyüşçülərimiz sağ olsun ki, o qayıdışı bizə yaşatdılar. Əlavə olaraq, rus ordusu sülhməramlı kimi torpaqlarımızda yerləşib. Bunu istəməzdim. Kaş qonşu, qardaş dövlətlərin sülhməramlıları, öz hərbçilərimiz həmin torpaqlara nəzarət etsin.

 Sonda müharibəni bir neçə cümlə ilə ifadə edərdiniz.


- Müharibə beyində olur. Yaralarınızı görərkən vurulduğunuz anı xatırlayırsınız. Lakin müharibə başqadır. O bitsə belə, beyninizdə onu yaşadırsınız. Unuda bilməməyimizin səbəbi isə, müharibədə hər şeyə daha diqqətlə baxmaq məcburiyyətidir. Məcbursunuz ki, döyüş zamanı hər an diqqətli olasınız. Buna görə də, hər şey beyinə həkk olunur. Daş üzərinə həkk edilmiş yazılar kimi.

 Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et