Ev texnologiyaları sektorunda sürətlə inkişaf edən markalardan biri olan xiaomi yeni təmizlik məhsullarını təqdim etməyə davam edir. Bu yaxınlarda təqdim edilən dik tozsoran mijia floor scrubber 4 qabaqcıl texniki xüsusiyyətləri, dəbli dizaynı və sərfəli qiyməti ilə diqqət çəkib. Bu model xüsusilə dyson kimi premium brendlərin məhsullarına alternativ axtaran istifadəçilər üçün güclü seçimdir.

Güclü performans və 3-ü 1-də təmizləmə təcrübəsi
Mijia Floor Scrubber 4 ev təmizliyini daha praktik və effektiv etmək üçün hazırlanıb. 18 000 Pa gücündə motor və dəqiqədə 450 dövrə vuran diyircəkli fırça sayəsində cihaz eyni zamanda süpürür, silir və fırçalayır. Üç rejim - toz və kir üçün vakuum, sərt ləkələr üçün intensiv təmizləmə, həmçinin parlaq nəticə verən mop rejimi - müxtəlif səthlərdə, o cümlədən xalçalarda yüksək nəticə göstərir.
Gigiyena və praktik həllər
80°C isti hava ilə qurutma sistemi fırçanı hər istifadədən sonra gigiyenik şəkildə qurudur, bakteriya və xoşagəlməz qoxuların yaranmasının qarşısını alır. Xüsusi fırça dizaynı sayəsində ev heyvanı tükü və saçlar dolaşmadan təmizlənir.
Uzun batareya ömrü və geniş təmizləmə sahəsi
4000 mAh batareya ilə cihaz 40 dəqiqəyə qədər fasiləsiz işləyir və 336 m² sahəni təmizləyə bilir. 1 litrlik təmiz su çəni və 0,7 litrlik çirkli su çəni böyük ərazilərin effektiv təmizlənməsini təmin edir.
Qiymət və bazara çıxış
Hazırda yalnız Çin bazarında satışda olan modelin qiyməti təxminən 210 ABŞ dollarıdır. Şirkətin əvvəlki satış təcrübəsinə əsasən, yaxın vaxtlarda beynəlxalq bazarlarda da təqdim olunması gözlənilir.
Ev təmizliyində güclü alternativ
Güclü motor, çox yönlü rejimlər, gigiyenik dizayn və sərfəli qiymət Mijia Floor Scrubber 4-ü Dyson kimi bahalı alternativlərə qarşı iddialı seçimə çevirir.
Tərcümə etdi: Səidə Əsədli
Mənbə: Fikrimucit
