İsrailin təhlükəsizlik kabineti Qəzza şəhərinə tam nəzarəti ələ keçirmə planını təsdiqləyib. Qərar həm bölgədə, həm də beynəlxalq aləmdə etirazla qarşılanıb.
Almaniya kansleri Fridrix Mers İsrailə hərbi ixracı dayandırdığını açıqlayıb. O bildirib ki, Qəzza zolağında istifadə oluna biləcək silahlar artıq göndərilməyəcək. BBC-yə görə, bu qərar Almaniyanın NATO zirvəsi öncəsi verdiyi “İsrailin mövcudluğunu müdafiə etmək” bəyanatı fonunda mühüm addım kimi qiymətləndirilir. Almaniya, ABŞ-dən sonra İsrailə ən çox silah ixrac edən ikinci ölkədir.
Türkiyə Xarici İşlər Nazirliyi isə İsrailin qərarını “ekspansionist və soyqırım xarakterli siyasətin yeni mərhələsi” adlandıraraq pisləyib, atəşkəs və iki dövlətli həll çağırışı edib.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk də planın dərhal dayandırılmasını tələb edib. O, əks halda daha çox köç, ölüm və dağıntıların baş verəcəyini bildirib.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
