24media.az-ın budəfəki müsahibi politoloq Züriyə Qarayevadır. O, ABŞ, Azərbaycan və Ermənistan arasında gedən proseslər haqqında danışıb.

- ABŞ-nin Bakı–İrəvan arasında razılaşdırılacaq sazişdə nəqliyyat dəhlizinə nəzarət etmək təşəbbüsü regionun siyasi xəritəsini dəyişə bilərmi?
ABŞ Bakı və İrəvan arasında əldə olunacaq saziş çərçivəsində Azərbaycan və Ermənistan əraziləri arasında yerləşəcək nəqliyyat dəhlizinin idarə olunması hüquqlarını əldə edə bilər. Agentliyin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevi Ağ Evdə qəbul edəcək. Görüşün nəticəsi olaraq, sülhə aparan konkret yolun müəyyənləşdirilməsi və uzun müddətdir həll olunmayan tranzit məsələsinin aradan qaldırılması məqsədilə çərçivə sülh sazişinin imzalanacağı gözlənilir. Mənbələrin bildirdiyinə görə, Ermənistan ABŞ-yə uzunmüddətli dövr üçün “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırılacaq nəqliyyat dəhlizinin inkişafı üzrə eksklüziv hüquqlar verməyi planlaşdırır.
Bu təşəbbüsün reallaşması regionun geosiyasi mənzərəsində mühüm dəyişikliklərə səbəb ola bilər. ABŞ-nin dəhlizə nəzarət etməsi Vaşinqtonun Cənubi Qafqazda təsir imkanlarını genişləndirər, eyni zamanda Rusiya və İranın mövqelərini zəiflədə bilər. Dəhlizin beynəlxalq status alması isə regional ticarət və logistik inteqrasiyanı sürətləndirə bilər.
- Ermənistanın ABŞ-yə uzunmüddətli eksklüziv hüquqlar verməsi Moskva ilə münasibətlərində hansı gərginliklər yarada bilər?
Ermənistanın ABŞ-yə eksklüziv hüquqlar verməsi isə Moskva ilə münasibətlərində ciddi gərginliklər yaradacaq. Rusiya bu addımı Qərbin Cənubi Qafqaza nüfuzu kimi qiymətləndirə bilər və bu, Ermənistanın KTMT-dəki statusuna və Rusiya ilə təhlükəsizlik əməkdaşlığına mənfi təsir göstərə bilər. Bu, həm də Kremlin Ermənistana olan strateji etibarını sarsıda bilər.
- Bu addım Azərbaycanın xarici siyasətində ABŞ-yə yaxınlaşma istiqamətində yeni mərhələnin başlanğıcı ola bilərmi?
Digər tərəfdən, əgər Vaşinqton bu təşəbbüsü Azərbaycanla da koordinasiyalı şəkildə həyata keçirərsə, bu, Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcına çevrilə bilər. Nəqliyyat və energetika kimi sahələrdə əməkdaşlığın genişlənməsi, təhlükəsizlik sahəsində dialoqun dərinləşməsi və strateji tərəfdaşlığın qurulması Azərbaycanın xarici siyasətində ABŞ-yə daha çox yer ayırmasına səbəb ola bilər. Beləliklə, bu təşəbbüs yalnız texniki deyil, həm də siyasi və diplomatik baxımdan mühüm dönüş nöqtəsi ola bilər.
Nuray Əliyeva
