Bu gün:

“Bakıda yalançı urbanizasiya prosesi həm sosial, həm də ekoloji problemlər yaradır”


24media.az-ın budəfəki müsahibi ekoloq Rövşən Abbasovdur. O, Bakıda son illərdə sürətlənən yalançı urbanizasiya və bundan yaranan problemlərdən danışıb. 

-Bakıda son illərdə sürətlənən urbanizasiya şəhər sakinlərinin sosial həyatına necə təsir göstərib və bu prosesin gələcəkdə hansı sosial dəyişikliklərə səbəb ola biləcəyini düşünürsünüz?

Bir məsələ qeyd edim ki, bu urbanizasiya, daha doğrusu, yalançı urbanizasiya qlobal bir prosesdir. Bu kimi proseslər dünyanın inkişafda olan ölkələrində daha çox gedir. Hindistan, Pakistan, qismən Çin, Banqladeş kimi ölkələrdə əhali kənd yerlərindən sürətlə şəhər yerlərinə gəlir. Bu, Türkiyə üçün də çox xas olan bir prosesdir.

Və ya bütün əllərində olan imkanları ona sərf eləyirlər ki, özləri üçün xırda bir sığınacaq düzəldib oralarda yaşasınlar və şəhərdə müxtəlif işlərdə işləsinlər.

Azərbaycanda bu proses ötən əsrin 90-cı illərindən başladı. Xüsusi bir qaçqın dalğası oldu. Qarabağ regionunda qaçqın düşən insanlar əsasən Bakı, Sumqayıt kimi iri şəhərlərə, daha doğrusu, onların ətraf zonalarına gələrək orada müxtəlif sığınacaqlar, özləri üçün evlər tikməyə başladılar. Və sürətlə, deməli, yalançı urbanizasiya prosesi getdi.

Bir şeyi də qeyd edim ki, bu proses lap əvvəllərdə də olub. Məsələn, Xızı kimi rayondan dağlıq məhəllələr Bakıda ona görə əmələ gəlirdi ki, Xızı kimi rayondan intensiv köç olurdu. İnsanlar gəlir, Bakıda özlərinə müəyyən bir məşğuliyyət tapa bilirdilər.

-Sürətli şəhərsalma Bakının ekoloji tarazlığını hansı formada dəyişdirir və bu problemlərin qarşısını almaq üçün hansı tədbirlər daha effektiv ola bilər?

Bu proses şəhərlərdə insan yükünü, avtomobil yükünü artırır, ekoloji yükləri çoxaldır. Çünki bu qədər insanın su ilə təmin olunması, işıqla təmin olunması, əmələ gələn tullantıların idarə olunması, ərzaqla təmin olunması- məsələ burasındadır ki, ümumiyyətlə, bu kimi problemlər önə çıxır.

Bu da həm ekoloji, həm də sosial problemlər yaratmağa başlayır.

Məsələn, insanların getdikcə artan sıxlıq fonunda ictimai nəqliyyatın zəifləməsi, o baş verən yükü öz üzərində daşıya bilməməsi, deməli, təsir yaradır ki, bunun da nəticəsində şəhərdə xidmət sahələrinin keyfiyyəti aşağı düşür.

Yəni bu ətrafda çox danışmaq olar.

Zəhra Əliyeva 

Paylaş
Şərh əlavə et