Almaniya Hökumətinin sözçüsü Stefan Korneliusun verdiyi məlumata görə, Almaniya kansleri Fridrix Merz Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Korneliusun yazılı açıqlamasında bildirilib ki, Merz və Zelenski arasında keçirilən telefon danışığında ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiya Prezidenti Vladimir Putinlə apardığı təmaslardan sonra bölgədəki son hadisələr müzakirə olunub və bu barədə məlumat mübadiləsi aparılıb.
Sözçü Korneliusun sözlərinə görə, Merz və Zelenski ABŞ Prezidenti Donald Trampın vasitəçilik səylərini yüksək qiymətləndirib. Rusiyanın beynəlxalq hüquqa zidd apardığı müharibəyə son qoymasının vacibliyi barədə razılığa gəliblər.
Bununla yanaşı, iki lider Avropa tərəfdaşları və ABŞ ilə sıx dialoqda qalmaqda razılaşıb. Kansler Merz isə Prezident Zelenskiyə Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyinə dair təminat verib.
Mənbə: Haber Global
Tərcümə etdi: Nuray Əliyeva
