Yaponiyanın məşhur "One Piece" adlı anime serialında bir dənə bayraq var. Bu bayraqda bir kəllə təsviri var və onun başında saman şapka olur. Bu bayraq serialdakı quldurların simvoludur. Onlar azadlıq üçün, ədalətsiz rejimə qarşı mübarizə aparır və bu bayrağı da bir üsyan rəmzi kimi qaldırırlar.
Son vaxtlar İndoneziyada insanlar bu bayraqları real həyatda istifadə etməyə başlayıb. İyul ayından bəri bu quldur bayraqları ölkənin bir çox yerində görünür – evlərin qapılarında, maşınların arxasında, divarların üstünə çəkilib və ağaclara sancılıb. İnsanlar bunu təsadüfən etməyib. Onlar bu bayrağı öz narazılıqlarını göstərmək üçün qaldırır.
İndoneziyanın hazırkı prezidenti Prabowo Subianto çıxışında deyib ki, bütün vətəndaşlar ölkənin Müstəqillik Günü ərəfəsində - 17 avqustda qırmızı-ağ bayrağı qaldırmalıdır. Qırmızı qanı, ağ isə ruhun təmizliyini simvolizə edir. Amma bəzi insanlar bu çağırışa cavab olaraq, rəsmi bayraq yerinə "One Piece"dəki bayrağı, yəni, "Jolly Roger" adlanan bayrağı qaldırmağa üstünlük verib. Onlar bu bayrağı bir etiraz nişanəsi kimi görür və deyirlər ki, ölkəni sevirlər, amma onun hazırkı siyasəti ilə razı deyillər.
Papua bölgəsində yaşayan bir gənc Ali Maulana deyir ki, anime serialında quldurlar necə azadlıq üçün mübarizə aparırsa, onlar da bu ölkədə ədalətsizliklərə qarşı səsini qaldırmaq istəyir. Onun sözlərinə görə, ölkə formal olaraq müstəqildir, amma bir çox insan gündəlik həyatda özünü azad hiss etmir. İşsizlik, bərabərsizliyə qarşı tədbirsizlik və siyasi qərarların yalnız yuxarıdan idarə olunması insanlarda narazılıq yaradır.
Bu bayraqlara olan maraq o qədər çoxalıb ki, Cava bölgəsində "Wik Wiki" adlı geyim mağazasının sahibi Dendi Christanto deyir ki, iyulun sonundan bəri hər gün yüzlərlə sifariş alır. İndoneziyanın hər yerindən insanlar bu bayrağı almaq istəyir. Dendi deyir ki, insanlar bu bayrağı sadəcə anime üçün yox, həm də öz hisslərini ifadə etmək üçün istəyir.
Amma bu hərəkət hökumət içində hamını razı salmır. Parlamentin sədr müavini və prezidentə yaxın olan Sufmi Dasco Ahmad bu bayraq hərəkətini "ölkəni parçalamağa yönəlmiş planlı bir cəhd" kimi dəyərləndirib. O deyib ki, belə addımlara qarşı birlikdə çıxmaq lazımdır. Başqa bir millət vəkili, Golkar Partiyasından olan Firman Soebagyo isə bu bayrağın nümayiş etdirilməsini hətta "xəyanət" kimi dəyərləndirib və bununla bağlı cəza verilə biləcəyini bildirib.
Buna baxmayaraq, prezidentin nümayəndəsi, dövlət katibi Prasetyo Hadi son açıqlamasında bildirib ki, prezident Prabowo bu bayraqla bağlı insanlara qarşı çıxmır. Onun məqsədi vətəndaşlarda birlik hissini gücləndirmək olub.
Bütün bu hadisələr İndoneziyada bir şeyi göstərir: insanlar anime bayrağı ilə həm azadlıq istədiklərini, həm də hökumətin bəzi hərəkətlərindən narazı olduqlarını göstərir. "One Piece" animedəki Luffi və onun komandası kimi, real həyatda da bəzi indoneziyalılar sistemə qarşı sülh yolu ilə bir mesaj vermək istəyir – azadlıq, ədalət və həqiqi demokratiya.
Mənbə: BBC New
Tərcümə etdi: Nigar Muştaqova
