Bu gün:

"Laqeydlik qadının taleyini bədbəxt sonluğa aparır"-Müsahibə


Stefan Zveiqin eyni adlı əsəri əsasında M teatrında səhnələşdirilən “Amok” tamaşası insanın vicdan, məsuliyyət və qürurla bağlı seçimlərini göstərir. Tamaşada dramatik hadisələr fonunda bir qadının və bir həkimin həyatını dəyişən qərarlar tamaşaçıya dərin mənəvi suallar ünvanlayır. 24media.az'ın budəfəki qonağı tamaşada baş rollardan birini canlandıran aktrisa Aydan Ağazadədir. 

-"Amok” əsərindəki rolunuzla ilk tanışlığınız necə oldu? Sizi bu rola cəlb edən nə idi?

Bir gün teatrımızın bədii rəhbəri Vidadi Həsənov yeni tamaşa ilə bağlı fikirlərini bölüşdü və Stefan Zweigin kitabını oxumağım üçün verdi. Hekayəyə heyran olmuşdum ancaq sonra ssenaridəki dramatizm, insanın vicdan və hisslər arasında qaldığı mübarizə məni daha da təsirləndirdi və bu rolu böyük məmnuniyyətlə qəbul etdim.

-Obrazınızın gücünü və zəif tərəflərini necə qiymətləndirirsiniz?

O, çox güclü, qürurlu və prinsipial bir qadındır. Həyatın bütün çətinliklərinə rəğmən öz mövqeyini qoruyur, heç kim qarşısında alçalmaq istəmir. Amma zəif tərəfi hisslərinə təslim olmasıdır. Evli olduğu halda başqa birinə bağlanması onun emosional boşluğunu və içindəki ziddiyyətləri göstərir. Məncə, onun ən böyük gücü qürurunda, ən böyük zəifliyi isə öz ürəyinə söz keçirə bilməməsindədir.

-Tamaşada yaradıcı heyətlə əməkdaşlıq necə keçdi?

Çox rahat və peşəkar mühitdə çalışırdıq. Rejissor Vidadi Həsənovun tələbkarlığı məsuliyyət hissini artırırdı. Ondan mənə yeni bir rol təklifi gələndə həmişə çox həyəcanlanıram, çünki bu böyük məsuliyyətdir. Xoreoqrafiyanı isə Oksana Rəsulova ilə birlikdə hazırladıq və qısa müddətdə işimizi uğurla yekunlaşdırdıq.

-Sizcə, obrazınızın verdiyi mesaj nədir və bunu tamaşaçılara arzuladığınız şəkildə ötürə bildinizmi?

Əsərin əsas mesajı vicdan, məsuliyyət və qürurdur. Hekayə göstərir ki, insan hisslərinə qapılsa da, borcunu və mənəvi məsuliyyətini unutmamalıdır. Bu mesajın tamaşaçılara keçdiyini sonda ənənəvi olaraq hər tamaşamızdan sonra etdiyimiz müzakirə zamanı aydın hiss etdim. Onlar da ən az o qadın və həkim kimi dəhşətə qapılmışlarsa, bu ağır hissləri keçiriblərsə, deməli məqsədimizi-tamaşaçılara hissləri və mesajları ötürməyi düzgün şəkildə həyata keçirmişik.

-Sizcə, Zweigin “Amok” əsəri bu günün insanına hansı dərsi öyrədir?

Əgər sən həkimsənsə, Hippokrat andı içmisənsə, sənin qarşına gələn hər bir xəstə sənin məsuliyyətindir. Sən onu narahatlığından, çarəsizliyindən qurtarmağa borclusan.

Peşəsindən asılı olmayaraq- istər aktyor, polis, müəllim, istərsə də həkim- hər bir insan öz peşə borcunu yerinə yetirməlidir. Əks halda, şəxsi istəklərinə görə məsuliyyətsiz və laqeyd davranan hər kəs təkcə işini yarımçıq qoymaqla qalmır, bəzən bir insanın taleyi ilə oynayaraq onun ölümünə və ya bədbəxtliyinə səbəb ola bilər.

Məncə, müəllifin çatdırmaq istədiyi əsas fikir də məhz budur- peşə borcunu şəxsi hisslərdən üstün tutmaq və vicdanla yerinə yetirmək hər bir insanın mənəvi məsuliyyətidir.

Rəna Qarayeva

Paylaş
Şərh əlavə et