Bu gün:

Filadelfiya eksperimentinin sirri: "Yoxa çıxan" gəmi


1943-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Eldridge gəmisinin yoxa çıxaraq saniyələr içində başqa bir limanda göründüyü, sonra isə geri döndüyü iddiası “Filadelfiya Eksperimenti” adı ilə tarixə düşüb. II Dünya Müharibəsi dövründə aparıldığı deyilən bu gizli təcrübə illərdir müzakirə mövzusudur.

İddialara görə, gəmi yaşıl-mavi işıqla örtüldükdən sonra gözdən itib Norfolkda peyda olub, daha sonra Filadelfiyaya qayıdıb. Hadisə ilk dəfə 1950-ci illərdə Carl M. Allen adlı şəxs tərəfindən gündəmə gətirilib. O, gəminin yoxa çıxmasını və təcrübənin Eynşteynin nəzəriyyəsinə əsaslandığını bildirib. Allen, eyni zamanda heyətin psixoloji sarsıntılar keçirdiyini, bəzilərinin isə gəminin metal hissəsinə birləşdiyini iddia edib.

ABŞ Hərbi Dəniz Qüvvələri bu iddiaları təkzib edib. Rəsmi qeydlərə görə, təcrübənin aparıldığı tarixdə USS Eldridge Filadelfiyada olmayıb. Gəmidə xidmət etmiş hərbçilər də belə bir hadisənin baş vermədiyini bildiriblər.

Mütəxəssislər isə iddiaların real texnologiyalarla izah oluna biləcəyini deyirlər. Gəmidə istifadə edilən “deqausinq” sistemi onun maqnit izini silərək torpedolardan qorunmasını təmin edib. Bu proses zamanı yaranan işıq effektləri bəzi müşahidəçilərdə görünməzlik təəssüratı yarada bilər. Həmçinin müşahidə olunan yaşıl işıq “St. Elmo alovu” adlı atmosfer hadisəsi ilə də izah olunur.

Eksperimentin reallığı hələ də sübut olunmasa da, bu hadisə populyar mədəniyyətdə geniş yer tapıb və mübahisələr bu gün də davam edir.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et