Bu gün:

Qatar gecikəndə üzr istəyən yaponlar


İctimai nəqliyyat gecikmələri əksər ölkələrdə adi hal hesab olunur. Hətta bir çox şəhərlərdə qatarın və ya avtobusun 5–10 dəqiqə gecikməsi heç kimi təəccübləndirmir; ən yaxşı halda, içimizdə bir az narazılıq edirik. Amma Yaponiyada vəziyyət tamamilə fərqlidir. Orada dəqiqlik o qədər önəmlidir ki, qatar cəmi bir dəqiqə belə geciksə, əməkdaşlar şəxsən sərnişinlərdən üzr istəyirlər.

Üstəlik, bu üzr yalnız sözlə kifayətlənmir. Əgər gecikmə 5 dəqiqəni keçərsə, sərnişinlərə rəsmi bir sənəd təqdim olunur: “chikoku shomeisho”, yəni gecikmə sertifikatı. Bu kiçik kart, şəxsin işə, görüşə və ya dərsə gecikməsinin səbəbini rəsmi olaraq təsdiqləyir. Məsələn, Tokioda çalışan bir iş adamı səhər toplantısına bir neçə dəqiqə gecikəndə bu sənədi masaya qoyaraq “qatarım gecikdi, budur sübutu” deyə bilir. Yaponiyada bu sənəd o qədər yayğındır ki, işəgötürənlər və məktəblər bu vəziyyəti normal qarşılayırlar.

Bəs niyə bu qədər dəqiqdirlər?

Bunun cavabı Yapon mədəniyyətində gizlidir. Yaponiyada dəqiqlik təkcə şəxsi keyfiyyət yox, qarşı tərəfə olan hörmətin konkret göstəricisidir. Görüşə gecikmək, qarşıdakı insanın vaxtını oğurlamaq deməkdir və bu, cəmiyyətdə yaxşı qarşılanmır. Hətta bəzi Yapon şirkətlərində işə bir neçə dəqiqə gecikmək təkrarlanarsa, ciddi intizam tədbirləri belə gündəmə gələ bilər. Bu səbəbdən qatar şirkətləri, ən kiçik bir gecikməni belə sərnişinlərin sosial həyatına problem yaratmasın deyə sənədləşdirməyə məcbur hiss edirlər.

Yapon qatarları dünyanın ən dəqiq işləyənlərindəndir. Məsələn, Tokiodakı Yamanote xəttində illik orta gecikmə müddəti 30 saniyədən belə azdır. 2017-ci ildə bir qatarın cədvəldə nəzərdə tutulandan 20 saniyə tez yola düşməsi belə ölkə miqyasında xəbər olub və qatar şirkəti ictimaiyyətdən rəsmi şəkildə üzr istəyib. Yəni təkcə gecikmək yox, tez yola düşmək də onlar üçün səhv hesab olunur.

Bu tətbiqi öyrəndikdə “dəqiqlik” anlayışına baxışımız dəyişir. Bizim gündəlik həyatda “5 dəqiqəlik nə olacaq ki” dediyimiz müddət, başqa bir mədəniyyətdə ciddi məsuliyyətə çevrilə bilir. Vaxtı idarə etmək anlayışı təkcə fərdi yox, eyni zamanda ictimai bir nizamın da tərkib hissəsi ola bilər. Bəlkə də elə bu səbəbdən Yaponiyada qatar stansiyalarında dəqiqlik demək olar ki, bir mühəndislik möcüzəsi kimi işləyir. Çünki hər kəs bilir ki, cəmi bir neçə dəqiqəlik sapma belə bütün sistemə yayıla biləcək zəncirvari bir təsir yarada bilər.

Mənbə: Buzz feed 

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et