Bu gün:

Yapon redaksiyası: Trampın süni intellektə ideoloji müdaxiləsi söz azadlığını təhlükəyə atır


ABŞ prezidenti Donald Tramp ölkəsini süni intellektin (AI) inkişafında dünya liderinə çevirmək məqsədilə “Süni İntellekt üzrə Fəaliyyət Planı”nı elan edib. Bu plan sələfi Co Baydenin AI ilə bağlı risklərin idarə olunmasına yönəlmiş siyasətindən ciddi şəkildə fərqlənir.

Tramp administrasiyası texnologiya və infrastrukturun inkişafını sürətləndirmək üçün tənzimləmələrin azaldılması və sərmayələrin artırılması kimi tədbirlər görmək niyyətindədir. Həmçinin ABŞ, süni intellekt texnologiyalarını “dost” ölkələrə ixrac edərək Çinlə rəqabətdə üstünlük qazanmağa çalışır. Planın ən təəccüblü tərəfi generativ AI texnologiyalarının, məsələn: ChatGPT-nin cavablarına birbaşa müdaxilənin nəzərdə tutulmasıdır.

Yeni qaydalara əsasən, süni intellekt cavablarında gender, irq, əlillik və digər bərabərlik prinsiplərinə əsaslanan DEI (Diversity, Equity, Inclusion – Müxtəliflik, Bərabərlik və İnteqrasiya) və iqlim dəyişikliyi ilə bağlı mövzular çıxarılır. Hökumət yalnız "obyektiv və ideoloji qərəz daşımayan" AI texnologiyaları təklif edən şirkətlərlə müqavilə imzalayacaq.

Tramp administrasiyası bu tədbirləri ifadə azadlığını və “Amerika dəyərlərini” qorumaq adı ilə əsaslandırsalar da, əslində bu yanaşma ifadə azadlığına təhdid yarada bilər. İdeoloji qərəzin müəyyən edilməsi üçün neytral meyarlar təyin etmək son dərəcə çətindir. Belə meyarlar hakim administrasiyanın niyyətlərinə əsasən formalaşa bilər. DEI prinsipləri əvvəlcə genderə, irqə, milliyyətə və fiziki vəziyyətə əsaslanan ayrı-seçkiliyi aradan qaldırmaq və ədalətli imkanlar yaratmaq üçün tətbiq olunub. Tramp bu mövzulara qarşı çıxışı ilə tanınır. İkinci prezidentlik müddəti başlayandan bəri bu fikirləri əks etdirən müxtəlif addımlar atıb.

Generativ süni intellektin cəmiyyətə və gündəlik həyata sürətlə nüfuz etdiyi bir dövrdə onun cavablarına siyasi müdaxilələrə biganə qalmaq olmaz. ABŞ hökumətinin təchizat meyarları gələcəkdə beynəlxalq AI standartlarına çevrilə bilər. Bu isə süni intellekt texnologiyasının böyük hissəsini ABŞ-dən alan Yaponiya üçün də təsirli ola bilər.

Tramp generativ AI cavablarında tarixi şəxsiyyətlərin cinsiyyət və irq dəyişikliklərinə məruz qaldığını iddia edərək bunun qərəzli olduğunu bildirib. Lakin generativ AI texnologiyası milyardlarla məlumatı öyrənərək cavablar hazırlayır və bu cavablar istifadə olunan məlumat bazasından və alqoritmlərdən təsirlənə bilər.

Çinli DeepSeek şirkətinin AI sistemi Pekin üçün narahatedici mövzulara, məsələn: Tiananmen Meydanı hadisələrinə cavab verməkdən imtina etməsi də göstərir ki, süni intellekt avtoritar rejimlər tərəfindən ifadə azadlığını boğmaq üçün də istifadə edilə bilər.

Qeyd edək ki, Tramp administrasiyasının bu məsələlərə müdaxiləsi, əslində fərqli bir formada eyni təhlükəni ehtiva edir.

Mənbə: The Asahi Shimbun 

Tərcümə etdi: Nəzakət Nəsibli

Paylaş
Şərh əlavə et