Bu gün:

Mədəniyyət ekrandan çəkilir: televiziyada efir payı 8%-ə düşüb


Azərbaycanda televiziya kanallarında yayımlanan proqramların janr bölgüsündə mədəni‑maarif verilişləri ildən-ilə görünməz hala gəlir. Tamaşaçı auditoriyası üçün nəzərdə tutulan kontentdə sənət, ədəbiyyat, teatr və folklor kimi sahələrə ayrılan yer xeyli dərəcədə daralıb. Əvəzində isə realiti şoular, oyun proqramları və əyləncə məzmunu ekranları zəbt edib.

Audiovizual Şuranın 2024-cü ilə dair rəsmi hesabatına əsasən, ölkədə fəaliyyət göstərən əsas televiziya kanallarında proqram janrlarının bölgüsü aşağıdakı kimidir:
• İnformasiya və analitik proqramlar – 23.4%
• İdman proqramları – 16.0%
• Reklam məzmunu – 14.1%
• Musiqi və əyləncə proqramları – 13.5%
• Filmlər və seriallar – 12.8%
• Mədəni–maarif proqramlar – 8.7%
• Sənədli filmlər – 3.1%
• Sosial proqramlar – 2.8%
2025-ci ilin ilk rübündə də bu tendensiya dəyişməyib. Yenilənmiş göstəricilər belədir:
• İnformasiya və analitik proqramlar – 22.9%
• Musiqi və əyləncə – 15.7%
• Filmlər və seriallar – 14.1%
Mədəni–maarif proqramlar – 8.6%


Təhlil və səbəblər
Mədəni‑maarif proqramlarının ümumi efir payının 8–9% aralığında olması, bu sahənin televiziya məkanında kənarda qaldığını göstərir. Bir çox televiziya rəhbərləri reytinq göstəricilərinə əsaslanaraq daha çox izləyici gətirən əyləncə və realiti şou formatlarına üstünlük verir. Beləliklə:
• Reklam gəlirləri üçün mədəniyyət proqramları "az cəlbedici" sayılır;
• Tamaşaçılar mədəni proqramları izləmədikcə, televiziya onları yayımlamır;
• Mədəniyyət kontenti "maarifləndirmək" funksiyasını itirərək, kommersiya uğruna qurban verilir.


Mədəniyyətin televiziyadakı payı simvolik həddə endikcə, ictimai zövq formalaşdırmaq funksiyası da zərbə alır. Əgər bu tendensiya davam etsə, milli kimlik və tarixi yaddaş ekranlardan tamamilə silinə bilər. Bu boşluğu doldurmaq üçün:
• Mədəni proqramlara minimum efir kvotaları müəyyən olunmalı;
• Yeni və dinamik formatlarla gənc auditoriyaya yönəlik təqdimatlar hazırlanmalı;
• Dövlət və ictimai qurumlar bu sahəyə dəstək verməlidir.

Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et