Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin infeksionisti Ziyad Nəsibov İİV infeksiyasına qarşı profilaktika, müalicə və həyat keyfiyyəti barədə açıqlama verib
24media.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, infeksionist Ziyad Nəsibov İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) qarşı mübarizədə əsas tədbirin profilaktika olduğunu bildirib:
“Unutmamalıyıq ki, profilaktika hər zaman müalicədən daha üstündür. Riskli davranışlardan çəkinmək, gigiyenik qaydalara əməl etmək və maariflənmək İİV-dən qorunmaqda mühüm rol oynayır. Şəxslərə ildə ən azı iki dəfə İİV-ə görə müayinədən keçmək tövsiyə olunur. Bu müayinələr Respublika QİÇS-lə Mübarizə Mərkəzində və regional laboratoriyalarda ödənişsiz və konfidensial şəkildə aparılır”.
Həkimin sözlərinə görə, müayinədən keçən şəxslərə, həmçinin təmasdan əvvəl və sonra profilaktik tədbirlərlə bağlı maarifləndirici məlumatlar verilir. Cinsi və parenteral yolla yoluxmanın qarşısının alınması üçün risk qruplarında mütəmadi nəzarət tədbirləri aparılır. Əvəzedici Opioid Terapiyanın tətbiqi nəticəsində inyeksion narkotik istifadəçilərinin sayında ciddi azalma müşahidə olunub.
Qeyd olunub ki, İİV-in bətndaxili ötürülməsinin qarşısı da effektiv tədbirlərlə alınır: hamilə qadınların qadın məsləhətxanalarında qeydiyyata düşərək İİV-ə müayinədən keçməsi bu baxımdan vacib sayılır.
Ziyad Nəsibov antiretroviral terapiyanın (ARV) əhəmiyyətinə də toxunaraq bildirib ki, bu müalicə virusa yoluxan şəxslərdə İİV-in replikasiyasını azaldır və immun sistemin bərpasını təmin edir:
“Müalicə erkən mərhələdə başladıqda İİV-lə yaşayan şəxslərin ömür müddəti və həyat keyfiyyəti sağlam insanlardan fərqlənmir. Əsas şərt xəstənin ARV terapiya rejiminə sadiqliyidir”.
İnfeksionist qeyd edib ki, hazırda İİV/QİÇS-ə qarşı effektiv peyvənd mövcud deyil:
“İİV digər viruslardan fərqli olaraq tez mutasiyaya uğrayır və bu, universal peyvəndin hazırlanmasını çətinləşdirir. Bununla belə, elm bu sahədə inkişaf etməkdə davam edir və gələcəkdə müsbət nəticələrin əldə olunacağı gözlənilir”.
Ziyad Nəsibovun sözlərinə görə, İİV-lə erkən diaqnoz və vaxtında müalicə şəraitində yaşayan şəxslərin ömür müddəti artıq İİV-neqativ şəxslərlə eynidir. Müalicənin effektivliyi isə mütəmadi nəzarət, dərmanlara sadiqlik və sağlam həyat tərzindən asılıdır.
Xavər Məmmədli
