Bu gün:

İsrail hücumunda yardım işçisi həlak olub


Fələstin Qızıl Aypara Cəmiyyəti (PRCS) İsrail ordusunu Qəzza zolağındakı qərargahına hücum etməkdə ittiham edib. Təşkilatın açıqlamasına görə, hücum nəticəsində bir əməkdaş həlak olub, üç nəfər yaralanıb.

PRCS bildirib ki, bazar günü səhər saatlarında baş verən hücum binada yanğına səbəb olub.

Cənubdakı Xan Yunis şəhərində yerləşən qərargaha edilən hücumu “qəsdən” adlandıran təşkilat qeyd edib ki, binanın yeri İsrail ordusuna yaxşı məlum olub və bina qırmızı qoruyucu nişanla açıq şəkildə işarələnib.

İsrail Müdafiə Qüvvələri (IDF) BBC-yə açıqlamasında bildirib ki, PRCS binasının zərər görməsi və Xan Yunisdə mülki şəxslərin hədəfə alınması ilə bağlı iddialar araşdırılır.

PRCS-in sosial şəbəkələrdə yaydığı videoda binanın bir hissəsinin alovlandığı və içərisinin tüstü ilə dolduğu görünür. Hadisədən sonra paylaşılan fotolarda isə ciddi dağıntılar və iri qan izləri yer alıb.

Təşkilatın bəyanatında qeyd olunub ki, “gecə yarısından az sonra İsrail artilleriyası binanın yuxarı mərtəbələrinə birbaşa zərbə endirib”.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et