
Hökumət bildirir ki, Qəzzadan ağır xəstə və ya yaralı uşaqları təxliyə edərək onları tibbi müalicə üçün Birləşmiş Krallığa (BK) gətirmək planı sürətlə həyata keçirilir.
BBC-nin əldə etdiyi məlumata görə, məqsəd bu planı bir neçə həftə ərzində işə salmaqdır.
Neçə uşağın daxil olacağı hələlik bəlli deyil, lakin Sunday Times yazır ki, hökumət 300-ə qədər uşağın pulsuz tibbi xidmət almaq üçün BK-yə qəbul edilməsinə icazə verəcək.
Bəzi Qəzzalı uşaqlar artıq Project Pure Hope təşəbbüsü ilə xüsusi qaydada BK-yə gətirilərək müalicə olunub, lakin hökumət indiyə qədər öz proqramı vasitəsilə münaqişə dövründə heç bir uşağı təxliyə etməyib.
Bazar günü hökumət nümayəndəsi bildirib ki, plan “təcili tibbi yardıma ehtiyacı olan uşaqları Qəzzadan təxliyə etməkdir” və əlavə edib: “Bunu mümkün qədər tez həyata keçirmək üçün sürətlə işləyirik”.
UNICEF-in məlumatına görə, 2023-cü ilin oktyabrında Qəzzada müharibə başlayandan bəri 50,000-dən çox uşaq öldürülüb və ya yaralanıb.
İyulun sonunda dərc olunmuş Xarici İşlər Komitəsinin hesabatında deyilir ki, hökumət “ağır yaralı uşaqların BK-yə tibbi təxliyəsinə dəstək göstərməkdən imtina edib. Bu, səfər icazələrinin, tibbi vizaların və uşaqların Qəzzadan təhlükəsiz şəkildə BK-yə çatdırılması üçün zəruri nəqliyyatın koordinasiyasını nəzərdə tuturdu. BK-də isə uşaqlar Qəzzada mümkün olmayan ixtisaslaşmış tibbi yardım ala bilərdilər”.
Bundan sonra Baş nazir Sir Keir Starmer bildirib ki, BK kritik tibbi yardıma ehtiyacı olan uşaqları müalicə üçün təcili olaraq ölkəyə təxliyə etmək səylərini sürətləndirir.
Sunday Times-ın məlumatına görə, hökumət proqramına görə, hər uşağa valideyn və ya qəyyum müşayiət etməlidir və Səyahət İdarəsi yola düşməzdən əvvəl biometrik və təhlükəsizlik yoxlamaları aparmalıdır.
Könüllü tibb işçilərini əhatə edən Britaniya təşkilatı Project Pure Hope indiyə qədər üç uşağı BK-yə müalicə üçün gətirib.
Ən son gələn, 15 yaşlı Məcd əl-Şagnoobi ötən həftə BK-yə çatıb. 2024-cü ilin fevralında humanitar yardım axtararkən israilli tank mərmisi çənəsini dağıdıb və ona mürəkkəb üz rekonstruksiya əməliyyatı lazımdır. O, müharibə yaralanmaları səbəbindən BK-yə müalicə üçün uçurulan ilk fələstinli uşaq olub.
Onun təxliyəsi ABŞ təşkilatı Kinder Relief ilə birgə təşkil olunub. Bu qurum Qəzzadan digər uşaqların da xaricdə müalicəsinə kömək edir.
Məcdin müalicəsi Project Pure Hope tərəfindən xüsusi vəsaitlə maliyyələşdiriləcək və yaxın günlərdə Londondakı Great Ormond Street Xəstəxanasında başlayacaq. Əməliyyatı isə könüllü həkim briqadası pulsuz həyata keçirəcək.
Təşkilat hökuməti Ukrayna qaçqınlarının müalicəsi üçün yaradılmış proqrama bənzər proqram qurmağa çağırıb və hökumətin planını alqışlayaraq uğurlu xüsusi təxliyələrdən əldə etdikləri təcrübəni bölüşməyə hazır olduqlarını bildirib.
Onlar deyib: “Hazırladığımız plan BK-nin sürətli və effektiv hərəkət etməsinə kömək edə bilər ki, təcili yardıma ehtiyacı olan hər bir uşaq sağ qalmaq və sağalmaq üçün ən yaxşı şansa malik olsun”.
Apreldə təşkilat iki qıza – 13 yaşlı Rama və 5 yaşlı Ghena – BK-də xüsusi maliyyələşdirilmiş əməliyyat keçirmək üçün viza ala bilmişdi. Onlar Qəzzadan Misirə təxliyə edildikdən sonra Londona gətirilmişdilər.
Ghena-nın sol gözündə təzyiq yüksəkliyi səbəbindən lazer əməliyyatı edilib və bu əməliyyat olmasa, gözünü itirə bilərdi. Rama isə ağır bağırsaq xəstəliyi ilə bağlı araşdırıcı əməliyyat keçirib.
Hər iki qızın anaları onların vəziyyətinin yaxşı olduğunu deyib.
Həkimlər həftələrdir, İsrailin aylarla Qəzzaya humanitar yardım və malların girişinə blokada tətbiq etməsindən sonra həyati vacib ərzaq və tibbi ləvazimatların çatışmazlığı barədə xəbərdarlıq edirdi.
Blokada qismən qaldırılsa da, humanitar təşkilatlar aclıq və qidalanma çatışmazlığının daha da pisləşməməsi üçün daha çox yardımın Qəzzaya buraxılmasının vacib olduğunu bildirir.
HƏMAS tərəfindən idarə olunan səhiyyə nazirliyinin məlumatına görə, indiyə qədər 175 nəfər, o cümlədən 93 uşaq aclıqdan ölüb.
İsrail isə yardımın Qəzzaya daxil olmasının qəsdən qarşısını aldığını inkar edir və BMT ilə digər yardım təşkilatlarını yardımı çatdırmamaqda günahlandırır.
Müharibə başlayandan bəri BK bölgədəki xəstəxanalarda yaralı Qəzzalıların müalicəsi üçün maliyyə ayırıb və İordaniya ilə birlikdə Qəzzaya havadan yardım göndərir.
Sir Keir ötən həftə bildirib ki, əgər İsrail Qəzzadakı dəhşətli vəziyyəti aradan qaldırmaq üçün əhəmiyyətli addımlar atmasa, BK sentyabr ayında Fələstin dövlətini tanıyacaq. İsrailin Baş naziri Benjamin Netanyahu isə bu addımı “HƏMAS-ın dəhşətli terroruna mükafat vermək” kimi dəyərləndirib.
İsrail Müdafiə Qüvvələri (IDF) 7 oktyabr 2023-cü ildə HƏMAS-ın cənubi İsrailə hücumuna cavab olaraq Qəzzada hərbi kampaniyaya başlayıb. Həmin hücumda təxminən 1,200 nəfər öldürülüb, 251 nəfər isə girov götürülmüşdü.
HƏMAS-ın nəzarətindəki səhiyyə nazirliyinin məlumatına görə, müharibə başlayandan bəri Qəzzada 60,000-dən çox insan öldürülüb.
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
