Bu gün:

6 milyonluq çanta


Londonda müvəqqəti dəbdəbəli çanta hərracı açılıb və bu, məşhur hərrac evlərini əhatə edən dəb çılğınlığı yaradıb. Bəs moda heç zaman Pikasso ilə müqayisə oluna bilərmi?

“Pulumu görmək istədiyim yerdə saxlayıram. Qarderobumda asılan vəziyyətdə” – deyib “Sex and the City” (2000-ci illərin məşhur serialı) qəhrəmanı Kerri Bredşou. Görünür ki, getdikcə daha çox kolleksiyaçı da belə düşünür. Arxiv dəb hərraclarında qiymətlər rekord həddə çatır. Məsələn, ötən ay Parisdəki Sotheby’s hərrac evi Ceyn Birkinə məxsus köhnələn Hermes çantasını 7 milyon funt sterlinqə (9,2 milyon dollar) satıb. İndi isə Sotheby’s Londonda 22 avqusta qədər Hermes, Rolex və Cartier brendlərinə aid məhsulların satışda olduğu dəbdəbəli müvəqqəti salon açıb. Lakin bu həmişə belə olmayıb. Bir çox hərrac evləri əvvəllər moda bölmələrinə əsas fəaliyyət kimi yox, kənar sahə kimi yanaşıblar. Modaya aid bəzi brend adlar insanları cəlb etsə də, məqsəd daha bahalı rəsm və ya heykəlləri satmaq idi.

Məşhurlara məxsus geyimlər, məsələn, Şahzadə Diana və ya Merilin Monroya aid paltarlar həmişə daha yüksək qiymətə satılıb. Lakin 7 milyonluq Birkin çantası ilə müqayisə ediləcək heç nə olmayıb. Monronun “Happy Birthday Mr. President” (Prezidentə xoşbəxt ad günü) ifası zamanı geyindiyi məşhur paltar 1999-cu ildə 1.3 milyon dollara, 2016-cı ildə isə 4.8 milyon dollara Ripley's Believe It or Not! muzeyinə satılıb. Paltar indi də həmin muzeyə məxsusdur, lakin Kim Kardaşyan onu 2022 Met Gala-da geyinmişdi. Moda tarixçisi və yazıçı Kora Harrinqtonun fikrincə, Kardaşyanın geyinməsi növbəti dəfə hərracda qiyməti daha da artıra bilər, hətta paltarda zədələr olsa belə.

Sosial media və mətbuatda hərrac əşyaları haqqında yayılan müzakirələr istər müsbət, istər mənfi satış qiymətlərinə təsir edir. Məsələn, gələcəkdə yayımlanacaq American Love Story serialında Kerolin Bessett-Kennedinin obrazı və geyimlərinə olan maraq onun paltarlarının növbəti hərracda qiymətini artıracaq. Müasir influencer-lər də lüks modaya yanaşma tərzimizi dəyişir. Onlayn platformalarda “dupe” (yəni saxta, lakin orijinala bənzər məhsullar) axtaran icmalar orijinal məhsullara olan dəyəri artırıb və eyni zamanda autentifikatorların (orijinal olub-olmadığını yoxlayan mütəxəssislər) işini də çətinləşdirib. Eyni zamanda Depop, Vinted, eBay, Vestiaire Collective və TheRealReal kimi satış saytları lüks bazarına girişi asanlaşdırıb. Bəlkə də bu lüks satış saytlarının yayılması hərrac qiymətlərini artırır. Sosial media keçmişin dəb ikonalarını və Metropoliten İncəsənət Muzeyinin illik Kostyum İnstitutu sərgilərində nümayiş etdirilən geyimləri yeni auditoriyalara tanıdır. Met Gala tədbiri isə bu il rekord gəlir əldə edib. Bəziləri bu tip əşyaların muzeylərdə saxlanılmalı olduğunu deyir, xüsusilə, Ripley’s kimi deyil, daha güclü qoruma və sərgiləmə qaydaları olan yerlərdə. Lakin bu da ziddiyyətlidir, çünki muzeylərdə olan əşyaların çoxu ümumiyyətlə nümayiş etdirilmir.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova


Paylaş
Şərh əlavə et