Bu gün:

Ukrayna pilotsuz uçuş aparatları ilə Soçidəki neft bazasına zərbə endirib


Gecə saatlarında Ukraynanın həyata keçirdiyi PUA hücumu Rusiyanın Qara dəniz sahilində yerləşən Soçi şəhərindəki neft anbarında güclü yanğına səbəb olub. Rusiya rəsmilərinin məlumatına görə, 2 min kubmetr (70 min kub fut) həcmində yanacaq saxlanılan çən alovlanıb və hadisə yerinə 120-dən çox yanğınsöndürən cəlb olunub.

Hücum nəticəsində anbara dron qalıqlarının düşməsi yanğına səbəb olub. Soçi hava limanında uçuşlar müvəqqəti dayandırılıb. Sosial şəbəkələrdə yayılan videolarda anbarın üzərindən qalxan qara tüstü sütunları müşahidə olunub.


Eyni zamanda, Rusiyanın Mykolaiv şəhərinə raket hücumu nəticəsində azı yeddi nəfər yaralanıb. Voronej bölgəsində isə başqa bir Ukrayna dron hücumu dörd nəfərin xəsarət almasına səbəb olub.


Son günlərdə Moskva və Kiyev arasında qarşılıqlı zərbələr intensivləşib. Cümə axşamı Rusiyanın Kiyevə həyata keçirdiyi PUA və raket hücumu nəticəsində 31 nəfər, o cümlədən beş uşaq həlak olub, 150-dən çox insan yaralanıb.


Ukrayna prezidenti Volodimir Zelenski müttəfiqlərdən əlavə hava hücumundan müdafiə sistemləri tələb edib. Almaniya yaxın günlərdə daha iki Patriot qurğusunun Ukraynaya göndəriləcəyini açıqlayıb. ABŞ prezidenti Donald Tramp isə Rusiya liderinə 8 avqusta qədər atəşkəs danışıqlarında irəliləyiş əldə edilməsə, yeni iqtisadi sanksiyalar tətbiq olunacağı barədə xəbərdarlıq edib.


Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, son hücumlarda Rusiya 76 dron və yeddi raket buraxıb, onlardan 60 dron və bir raket vurulsa da, qalanları səkkiz bölgədə hədəflərə dəyib. Rusiya Müdafiə Nazirliyi isə 93 Ukrayna PUA-sının məhv edildiyini açıqlayıb.


Ukrayna rəsmiləri son günlər Rusiya şəhərlərinə qarşı intensiv zərbələr endirməklə mülki əhaliyə qarşı baş verən ölümcül hücumlara cavab verdiklərini bildiriblər.


Həftə ərzində Ukraynada korrupsiya qalmaqalı səbəbilə siyasi gərginlik də artıb. PUA və silah alışında rüşvət ittihamları ilə deputatlar və digər rəsmilər saxlanılıb. Zelenski “korrupsiyaya sıfır tolerantlıq” elan edib və Avropa İttifaqına üzvlük yolunda islahatların davam etdiriləcəyini bildirib.


Mənbə: The Guardian 

 Tərcümə etdi: Rəna Qarayeva


Paylaş
Şərh əlavə et