Yaponiyanın paytaxtı Tokioda yüzlərlə insan son zamanlar xaricilər və LGBT icması ilə bağlı yayılan nifrət dolu çıxışlara qarşı küçə etirazı keçirib. Aksiya iyul ayında keçirilmiş Yuxarı Palata (Upper House) seçkiləri ərəfəsində səsləndirilmiş ayrı-seçkilik xarakterli bəyanatlara cavab olaraq baş tutub.
“Yalan məlumatların və diskriminasiyanın geniş yayıldığı bir cəmiyyətə dözməyəcəyik!” — bu çağırış avqustun 1-də Şincuku Stansiyası qarşısında keçirilən aksiya zamanı tez-tez səsləndirilib.
Aksiyanın təşkilatçıları arasında tanınmış hüquqşünaslar Keyko Ota və Şoiçi İbusuki, Peace Boat təşkilatından Sumiko Hatakeyama, musiqi prodüseri Kiyoshi Matsuo və yazıçı Yuka Murayama da olub. Onların sözlərinə görə, etiraz aksiyasında 1000-dən çox insan iştirak edib.
“Əgər hər birimiz yalan və ayrı-seçkiliklə mübarizədə səsimizi ucaltsaq, cəmiyyət irəliləyə bilər ”,-musiqi prodüseri Şuya Okino çıxışında deyib.
Seçki kampaniyası zamanı LGBT və xarici vətəndaşların hüquqlarını inkar edən bəyanatlar onu narahat etdiyini deyib: “Ümid edirəm ki, bir gün bu cəmiyyətdə diskriminasiyanın yolverilməz olduğunu deməyə ehtiyac qalmayacaq.”
Təşkilatçılar eyni zamanda onlayn petisiya başladaraq parlament üzvlərini çağırırlar ki, milliyyətindən asılı olmayaraq hər bir insanın ləyaqətinin qorunduğu bir cəmiyyət üçün çalışsınlar.
Mənbə: Asahi Shimbun
Tərcümə etdi: Nəzakət Nəsibli
