İqtisadiyyat Nazirliyindən əldə edilən məlumata əsasən, 24media.az xəbər verir ki, avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, Suriya və Qətərin rəsmi nümayəndələri iştirak ediblər. Layihə, Prezident İlham Əliyevlə Suriya Prezidenti Əhməd Əl Şaraa arasında iyulda keçirilmiş görüşdə verilmiş tapşırıqlara uyğun olaraq qısa müddətdə reallaşdırılıb. Bu, Azərbaycanın qaz ixracı coğrafiyasının yeni strateji istiqamətlər üzrə genişləndirilməsinin göstəricisidir.
Açılış çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bir sıra ikitərəfli görüşlər keçirib. Qətər İnkişaf Fondunun baş direktoru Fəhəd Həməd Al Suleyti ilə görüşdə iqtisadi əməkdaşlığın və investisiya imkanlarının genişləndirilməsi müzakirə olunub. Suriya energetika naziri Məhəmməd Əl-Bəşir ilə keçirilən görüşdə isə Azərbaycan qazının Suriyaya nəqlinin əhəmiyyəti və potensial enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb.
Arzu Qafarova
