Taylandda baş vermiş ürəkdağlayan hadisə ölkənin sosial xidmət qurumlarını hərəkətə gətirib. Uttaradit vilayətində 8 yaşlı bir uşaq ailəsi tərəfindən uzun müddət baxımsız və diqqətsiz vəziyyətdə saxlanılıb. Uşaq uzun illər itlərlə birgə yaşayaraq danışmağı öyrənə bilməyib və yalnız hürməklə ünsiyyət qurmağa çalışıb.
Uşaq anası və böyük qardaşı ilə bir evdə yaşayıb. Lakin hər iki ailə üzvünün narkotik maddələrdən asılı olması səbəbilə uşaq tamamilə laqeyd vəziyyətdə böyüyüb. Ailə sosial təcrid içində yaşayıb, uşaq nə məktəbə gedib, nə də yaşıdları ilə ünsiyyətdə olub. Yalnız evdəki altı itlə zaman keçirən uşaq insan səsini deyil, heyvan səslərini təqlid etməyə başlayıb. Qonşular ailənin vəziyyətindən narahat olsa da, övladlarını bu evdən uzaq tutmağa çalışıblar.
Uşağın vəziyyəti haqqında məlumat alan məktəb rəhbərliyinin təşəbbüsü ilə yerli hüquq-mühafizə orqanları və sosial xidmət işçiləri 30 iyun tarixində müdaxilə edərək uşağı evdən çıxarıblar. Aparılan yoxlama zamanı məlum olub ki, uşaq danışa bilmir və yalnız hürərək reaksiya verir. Sosial bacarıqları və inkişaf səviyyəsi yaşına uyğun deyil.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, dövlət tərəfindən uşağın təhsili üçün anasına hər ay 400 baht (təxminən 12 ABŞ dolları) miqdarında sosial yardım ödənilib. Lakin bu vəsait təyinatı üzrə istifadə olunmayıb – ana pulu alıb uşağı evdə saxlayıb və tez-tez dilənmək üçün kəndləri dolaşıb. Bu müddətdə uşaq evdə itlərlə təkbaşına qalıb. Evin gigiyenik vəziyyəti isə olduqca acınacaqlı olub.
Hazırda uşaq təhlükəsiz mühitə yerləşdirilib və dövlət himayəsinə götürülüb. Sosial işçilər və psixoloqlar onun reabilitasiyası, danışma bacarıqlarının və sosial münasibətlərinin bərpası üçün xüsusi proqram üzərində çalışırlar. Mütəxəssislərin əsas məqsədi uşağın cəmiyyətə inteqrasiyasını təmin etmək və ona normal həyat imkanları yaratmaqdır.
Mənbə: onedio.com
Tərcümə etdi: İlhamə Nurəhmədova
